sa sa 2735
AMEA Qadınlar Şurasının ilk iclası keçirilib + Foto İyl 06, 2018 | 18:00 / Konfranslar, iclaslar

6 iyul 2018-ci il tarixində AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun böyük akt zalında AMEA Qadınlar Şurasının ilk iclası keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova, AMEA Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə, AMEA Qadınlar Şurası Elmi Problemlər üzrə bölmənin rəhbəri və koordinatoru fəlsəfə üzrə fəlsəfə doktoru Samirə Kadıyeva, AMEA Qadınlar Şurasının Mənəviyyat və Elm bölməsinin rəhbəri, fəlsəfə üzrə elmlər doktoru Ziba Ağayeva, akademiyanın nəzdindəki bütün institutların Qadınlar şuralarının sədrləri və digər dəvət olunmuş qonaqlar iştirak ediblər.

Akademik İradə Hüseynova iclası açaraq bildirib ki, AMEA Qadınlar Şurasının ilk yığıncağının bizim institutda keçirilməsi təqdirə layiqdir. Akademik ilk olaraq akademik Akif Əlizadəni yenidən AMEA-nın prezidenti seçilməsi ilə əlaqədar ürəkdən təbrik edib. İradə Hüseynova qeyd edib ki, Akif müəllimin rəhbərliyi altında akademiyada qısa müddətdə çox böyük işlər görülüb. İnanırıq ki, növbəti illər AMEA-nın intibah dövrü kimi tarixə düşəcəkdir. Alim Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaranma tarixi, burada aparılan tədqiqatlar barədə qonaqlara qısa məlumat verib. İ.Hüseynova  institut əməkdaşlarının 70 faizinin qadınlardan ibarət olduğunui diqqətə çatdırıb. Sonra İradə Hüseynova bugünkü tədbirin məramı, AMEA Qadınlar Şurasının yaradılmasının əhəmiyyəti və ümumilikdə, Azərbaycan qadınının cəmiyyətdəki fəal rolu haqqında fikirlərini bildirib.

AMEA Qadınlar Şurası Elmi Problemlər üzrə bölmənin rəhbəri və koordinatoru, fəlsəfə üzrə fəlsəfə doktoru Samirə Kadıyeva 2 may 2018 tarixində AMEA Qadınlar Şurası yaradılması haqqında məlumat verib və Fəlsəfə İnstitutunun şöbə müdiri, professor Rəna Mirzəzadənin AMEA Qadınlar Şurasının sədri seçilməsinin bu şuranın uğurlu fəaliyyəti üçün zəmin olacağını vurğulayıb.

Alimlər evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva akademik İradə Hüseynovanı akademiyanın vitse-prezidenti seçilməsi münasibətilə tədbir iştirakçıların adından təbrik edərək, III Elm Festivalının keçiriləcəyi haqqında məlumat verib və hər kəsi bu festivalda iştirak etməyə dəvət edib.

 AMEA Qadınlar Şurasının sədri Rəna Mirzəzadə akademiklər N.Paşayeva və İ.Hüseynovanın AMEA-nın vitse-prezidentləri seçilməsinin qadınlar üçün böyük uğur, bir stimul olduğunu qeyd edib. Natiq 11 fevral 2015-ci ildə BMT-nin Qərarı ilə “Qadınlar və qızlar elmdə” beynəlxalq günü təsis edildiyini bildirərək, Azərbaycanda da bu bayramın keçirilməsi ilə əlaqədar hazırlıqların oktyabr ayından başlayacağını söyləyib. O, qeyd edib ki, akademiyanın Qadınlar şuraları da bu tədbirdə iştirak etməli və dəstək olmalıdırlar. Həmçinin, BMT Baş Assambleyasının Qərarı ilə elan edilən “Beynəlxalq Qızlar Günü” ilə bağlı tədbir keçirməyin də lazım olduğunu qeyd edib. R. Mirzəzadə təklif edib ki, AMEA-nın qadın elmi işçilərinin elmi fəaliyyətləri barədə araşdırma aparılsın və yığılan məlumatlar elm nəşriyyatına təqdim edilsin.

Daha sonra AMEA Qadınlar Şurasının “Mənəviyyat və elm” bölməsinin rəhbəri, fəlsəfə üzrə elmlər doktoru Ziba Ağayevaya söz verilib. Natiq MBBİ haqqında gözəl təəssüratlarını bildirərək, qeyd edib ki, 100 il ərzində qadınlar savadsızlıq girdabından qurtularaq, vitse-prezident dərəcəsinə kimi yüksəlmişlər. Mənəvi strategiya barədə danışan Z.Ağayeva AMEA Qadınlar Şurasının yaradılmasının əhəmiyyətini qeyd edərək, onun fəaliyyətinin genişləndirilməsinin zəruriliyini qeyd edib.

Akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri, professor, texnika üzrə elmlər doktoru Cavadova Həqiqət, Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.

Sonda akademik İ.Hüseynova tədbir iştirakçılarına bir daha minnətdarlığını bildirərək, AMEA Qadınlar Şurasının uğurlu fəaliyyəti üçün öz köməyini də əsirgəməyəcəyini bildirib.