sa sa 1658
MBBİ-də 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə onlayn tədbir keçirilib + Foto ,Video Noy 09, 2020 | 18:45 / Tədbirlər

Noyabrın 9-da Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda  “Bayraq günü”nə həsr olunmuş onlayn tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan  AMEA-nın vitse-prezidenti, İnstitutun direktoru akademik İradə Hüseynova bildirib ki, bu bayram xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən əlamətdar və unudulmaz hadisələrindəndir. Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. 2010-cu ilin sentyabrında Bakı şəhərində Dövlət Bayrağı meydanının açılması bayrağa olan sevgimizin bariz nümunələridir. Akademik İ.Hüseynova qeyd edib ki, bu il bayraq günümüzü daha böyük çoşqu ilə qeyd etməyimizin əsas səbəbi torpaqlarımızın azadlığı uğrunda apardığımız müharibədə əldə etdiyimiz uğurlar, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən Şuşa, Füzuli, Cəbrayıl, Qubadlı və digər ərazilərimizin işğaldan azad olunmasıdır. Bütün xalqımız Ali Baş komandandan Böyük Qələbə xəbərini səbirsizliklə gözləyir.

İnstitutun beynəlxalq statuslu Molekulyar biomühəndislik laboratoriyasının müdiri, hal-hazırda Türkiyədə çalışan həmyerlimiz AMEA-nın müxbir üzvü Tərlan Məmmədov institutun kollektivini bayram münasibətilə təbrik edib, Şuşanın azad olunması xəbərinin Türkiyədə də böyük coşqu ilə qarşılandığını, böyük türk xalqının Azərbaycan bayrağının işğal altındakı torpaqlarda bir daha enməmək şərtilə yüksələcəyinə olan inamını bildirib. Daha sonra AMEA-nın müxbir üzvü İbrahim Əzizov, İnstitutun ümumi işlər üzrə direktor müavini Natiq Allahverdiyev, Gənc alim və mütəxəssislər şurasının sədri b.ü.f.d., dos. Ulduzə Qurbanova, Təhsil şöbəsinin müdiri b.ü..f.d., dos. Samirə Rüstəmova, aparıcı elmi işçi, b.ü.f.d., dos., I Qarabağ müharibəsinin iştirakçısı Nurməmməd Mustafayev çıxış edərək başda Ali Baş Komandan İ. Əliyev olmaqla  müzəffər ordumuzun əldə etdiyi uğurlardan,  ordumuza olan inam və dəstəkdən söhbət açıblar, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən oğullarına Allahdan rəhmət diləyiblər.

Tədbirin sonunda Bayraq gününə həsr olunmuş videoçarx nümayiş etdirilib