sa sa 60
Gənc alimlər Azərbaycan ordusunun şanlı qələbəsini qeyd ediblər + Foto Noy 16, 2020 | 12:35 / Konfranslar, iclaslar

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə Azərbaycan ordusunun şanlı qələbəsinə həsr edilən vebinar keçirilib.

Onlayn baş tutan tədbirdə əvvəlcə torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsində canlarından keçən şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri şuranın sədri, dosent Famin Salmanov açaraq Azərbaycanın müzəffər və rəşadətli ordusunun Vətən müharibəsindəki parlaq qələbəsi, eləcə də ərazi bütövlüyümüzün bərpa olunması münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, bu qələbəni xalqımızın yenidən dirçəlişi kimi qiymətləndirib və bu tarixi zəfərin xalqımızın sarsılmaz birliyi, ordumuzun qüdrəti və Ali Baş Komandanımızın müdrikliyi sayəsində əldə olunduğunu söyləyib: "44 günlük Vətən müharibəsi adlandırdığımız II Qarabağ savaşında böyük qəhrəmanlıq və şücaət göstərərək canından keçmiş şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyir, qazilərimizə, bütün əsgər və zabitlərimizə sonsuz minnətdarlığımızı bildiririk".

F.Salmanov akademiya gənclərinin onlarla nümayəndəsinin könüllü olaraq döyüşlərə qatıldığını, həmçinin alim və mütəxəssislərin fərdi və qrup halında informasiya mübarizəsində iştirak etdiyini, eləcə də silahlı qüvvələrimizə, hərbçilərimizin ailə üzvlərinə maddi dəstək göstərildiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov 10 noyabr 2020-ci il tarixini xalqımızın xatirəsində əbədi yaşayacaq bir gün kimi səciyyələndirib. O, çıxışında milli birliyin qüdrətindən və Azərbaycan xalqının tolerantlığından söz açıb: "30 il bizim zəifliyimiz deyil, tolerantlığımız idi. Mənfur qonşularımız bizim bu addımlarımızı heç vaxt düzgün qiymətləndirə bilmədi, bizi hərbi yolla bu məsələni həll etməyə məcbur etdi. Şəhid valideynlərinin, əsgər analarının qarşısında baş əyirik".

Ə.Sadıqov milliyətindən, dinindən, dilindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının və xaricdə yaşayan soydaşlarımızın bir yumruq kimi cənab Ali Baş Komandanın ətrafında birləşərək düşmənə qarşı səfərbər olmasının böyük qələbəmizi şərtləndirən mühüm amillərdən olduğunu söyləyib. Bundan sonra gənclərin üzərinə iki qat məsuliyyət düşdüyünü deyən natiq onların ilk növbədə yüksəkixtisaslı, müasir texnologiyalara bələd, peşəkar kadr olmaq üçün səy göstərmələrinin zəruriliyini vurğulayıb.

Seminarda, o cümlədən AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəis müavinləri - Vüqar Haqverdiyev, dosent Hüseyn Hüseynov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, dosent Yusif Alıyev, AMEA-nın Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna ezam olunan tədqiqatçısı, dosent Mətləb Mirzəyev, YAP AMEA ərazi təşkilatının sədri, dosent Ulduzə Qurbanova, elmi müəssisə və təşkilatların Gənc Alim və Mütəxəssislər şuralarının sədrləri və digərləri çıxış edərək sevinc təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər.

science.gov.az