sa sa 1651
Azərbaycan Şərq Tərəfdaşlığı proqramının Tədqiqat və İnnovasiya Panelinin VIII iclasında təmsil olunub Dek 14, 2020 | 12:24 / Konfranslar, iclaslar

Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı (ŞT) proqramının Tədqiqat və İnnovasiya Panelinin VIII iclası onlayn formatda keçirilib.

Tədbirdə Azərbaycanı AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva, idarənin Elmi layihələrin idarə edilməsi şöbəsinin müdir müavini və Nanotexnologiyalar, qabaqcıl materiallar və qabaqcıl istehsal üzrə Milli Əlaqələndirici Şəxs (MƏŞ) Aytən Hüseynova, İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri və Maliyyə və hüquq aspektləri üzrə MƏŞ Tofiq Babayev, Azərbaycan Milli Antidoping Agentliyinin Elm şöbəsinin müdiri və Avropa Tədqiqat Mərkəzi və COST üzrə MƏŞ İlham Hümbətov, Xəzər Universitetinin İnkişaf üzrə direktoru və Birgə Tədqiqat Mərkəzi üzrə MƏŞ Raziyə İsayeva, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri və Təlim və Karyeranın İnkişafı üzrə Mari Sklodovskaya-Küri Təqaüd proqramı üzrə MƏŞ Zaur Həsənov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri və Ərzaq təhlükəsizliyi, Davamlı kənd təsərrüfatı, Bioiqtisadiyyat və Biotexnologiya üzrə MƏŞ Nabil Seyidov təmsil ediblər.

İclasda E.Əlirzayeva Azərbaycanda elm siyasəti üzrə uğurlu islahatlar, gənc alim və mütəxəssislərin mobilliyini dəstəkləyən dövlət proqramları, AMEA-da və Azərbaycanın digər elm-təhsil qurumlarında gəncləri elmə cəlb edən xüsusi proqramlar haqqında məlumat verib. O, MƏŞ üzvləri tərəfindən Azərbaycanın elm, təhsil, səhiyyə müəssisələri və dövlət orqanlarının mütəxəssisləri üçün "Horizon 2020" Proqramı üzrə seminar və vebinarların keçirilməsinin əməli nəticələrini qeyd edib və bu istiqamətdə fəaliyyətin mükəmməlləşdirilməsi məqsədilə Aİ tərəfindən MƏŞ üzvləri üçün müvafiq treyninqlərin təşkil edilməsinin məqsədəuyğunluğunu diqqətə çatdırıb. Təklif Aİ və ŞT ölkələrinin nümayəndələri tərəfindən dəstəklənib.

İlham Hümbətov azərbaycanlı mütəxəsisslərin COST Proqramında iştirakı üzrə son ildə əldə edilmiş nailiyyətlər və bu istiqamətdə həyata keçirilən fəaliyyətlə əlaqəli iştirakçıları məlumatlandırıb. Qeyd edib ki, hazırda Azərbaycanın 10 təşkilatından alim və mütəxəsisslər çoxsaylı ölkələrin qabaqcıl təşkilatlarından olan həmkarları ilə birlikdə 9 layihənin iştirakçısıdır.

Raziyə İsayeva isə ağıllı ixtisaslaşma üzrə hazırkı təcrübə, əldə edilən nəticələr və perspektivlərlə əlaqəli müzakirələrdə iştirak edib və bu istiqamətdə əməkdaşlıq imkanlarını araşdırıb.

Tədbirdə 2020-ci ildən sonrakı ŞT siyasəti, 2020-ci ildə ŞT ölkələrində texnologiyaların transferinin təhlili nəticələri və təkliflər, layihələrin hazırlanması üzrə təşkil edilən təlimlər, Mari-Sklodovskaya Küri və COST Proqramları üzrə nəticələr və perspektivlər, COVID-19 üzrə Aİ və ŞT ölkələri arasında əməkdaşlıq imkanları təqdim edilib və geniş müzakirələr aparılıb. Həmçinin 2021-ci ildən başlayaraq 7 il müddətinə fəaliyyətdə olacaq "Horizon Europe" (Horizon Avropa) Proqramının yeni imkanları, prioritet istiqamətləri, perspektivləri və büdcəsi haqqında məlumat verilib.

science.gov.az