sa sa 1852
“Y-Xromosom: Təkamülü, təşkili, mutasiyaları, polimorfizmi, tədqiqi perspektivləri” mövzusunda elmi seminar keçirilib + Foto Dek 07, 2020 | 17:00 / Seminarlar

07 Dekabr 2020-ci il tarixdə Bioinformatika laboratoriyasının aparıcı elmi işçisi,  b.ü.f.d., dosent Nurməmməd Şamil oğlu Mustafayevin təqdimatında “Y-Xromosom: Təkamülü, təşkili, mutasiyaları, polimorfizmi, tədqiqi perspektivləri” mövzusunda elmi seminar keçirilmişdir. Məruzəçi mövzu ətrafında kifayət qədər geniş və hərtərəfli məlumatlar vermişdir. Y-xromosomun təkamülü və gen təşkilinə dair  maraqlı məlumatlar verən məruzəçi Y-xromosomun mutasiyaları və bu mutasiyalarla assosiasiyada olan xəstəliklərə də xüsusi yer ayırmışdır. Bundan başqa məruzəçi Y-xromosomun polimorfizmi məsələlərindən, polimorfizmin tədqiqi üçün istifadə olunan markerlərdən danışmış, bu tədqiqatların identifikasiya, genealogiya məsələlərinin həllində, həmçinin populyasiyaların mənşəyi və genetik quruluşunun tədqiqi məsələlərində müstəsna rol oynadığını göstərmişdir. Məruzədə Y-xromosomla ilişkili bir sıra xəstəliklərdən də söhbət açılmışdır. Bu xəstəliklərin bir qismi Y-xromosom polisomiyaları, bir qismi Y-xrmosomdan ekspressiya olunan genlərdəki nöqtəvi və ins/del mutasiyalar, mikrodelesiyalar, translokasiyalar (xüsusən SRY regionun) ilə əlaqədardır. Bəzi populyasiyalarda, xüsusən Avropa populyasiyalarında bir sıra xroniki xəstəliklərin (ürək və qan damar, hipertenziya, şəkərli diabet və s.) Y-xromosom haploqrupları ilə (E, H, J, G, I, N və s.) də assosiasiya təşkil etməsi göstərilmişdir. Bu gün müxtəlif populyasiyalara aid çoxsaylı insanların cəlb edilməsi ilə tam genomlarının oxunması nəzərdə tutulan bir sıra nəhəng genom layihələri mövcuddur: 1000 Genom, 10000 genom, 100000 genom və s. Bu layihələrin əsas məqsədi populyasiyalar arasında genom fərqlərini aşkar etmək olsa da, layihələrin icrası zamanı cinsi xromosomların (X- və Y-) əsaslı tədqiq olunmasına da xüsusi yer ayrılacaqdır. Dinlənilən mövzu ətrafında məruzəçiyə çoxsaylı suallar verilməklə maraqlı müzakirələr aparılmışdır.