sa sa 2496
“5 oktyabr – Müəllimlər günü”nə həsr olunmuş tədbir keçirilmişdir + Foto Okt 05, 2018 | 16:46 / Tədbirlər

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “5 oktyabr – Müəllimlər günü”nə həsr olunmuş tədbir keçirilmişdir. İlk olaraq institutun rəhbərlik və əməkdaşları Fəxri xiyabanda görkəmli şəxsiyyət, böyük alim-pedaqoq Cəlal Əliyevin məzarını ziyarət etmişlər. AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova, AMEA-nın müxbir üzvü, professor İbrahim Əzizov, b.ü.e.d. Şahniyar Bayramov və başqaları müəllimləri – Cəlal Əliyevlə bağlı xatirələrindən bəhs etmiş, onun ciddi və tələbkar müəllim olması ilə yanaşı yetirmələriylə qayğıkeş, mehriban rəftarını, səmimi tələbə-müəllim münasibəti yaratdığını vurğulamışlar. Öz ömrünü elmə,təhsilə həsr edən Cəlal Əliyevin unikal şəxsiyyət olaraq şərəfli, vicdanlı, məsuliyyətli müəllim adını daim uca tutduğunu bildirmişlər, onun məktəbinin davamçılarının hal-hazırda Azərbaycan həmçinin  ABŞ, Böyük Britaniya, Rusiya Federasiyası, Türkiyə, Ukrayna, Cənubi Koreya və başqa ölkələrin nüfuzlu universitetlərində uğurlu fəaliyyət göstərdiyini qeyd etmişlər.

Sonra müəllimlər gününə həsr olunmuş tədbir institutda davam etdirilmişdir. Tədbiri giriş sözü ilə açan akademik İradə Hüseynova mərhum akademik Cəlal Əliyevin tələbələrinin müəllimlərinin ənənəsini davam etdirərək, uğurlu elmi-pedaqoji fəaliyyət həyata keçirdiyini qeyd etmişdir. Cəlal Əliyevin yetirmələri prof. İbrahim Əzizov , institutun elmi işlər üzrə direktor müavini, b.ü.f.d. Ələmdar Məmmədov, institutun təhsil şöbəsinin müdiri, b.ü.f.d. Samirə Rüstəmova, b.ü.e.d. Şahniyar Bayramov nitqlərində qeyd etmişlər ki, Cəlal müəllim elmdə qazandığı nailiyyətlərini hər şeydən üstün tutmuş, daim bildiklərini tələbələri ilə bölüşmüşdür. İnstitutun gənc əməkdaşlarından “Bioadaptasiya” laboratoriyasının böyük laborantı Gülnar Abdullayeva çıxışında müəllimlərinə təşəkkür etmiş və bütün nailiyyətlərini onların zəhməti sayəsində əldə etdiyini qeyd etmişdir. Tədbirin sonunda akademik İradə Hüseynova müəllimlik peşəsini layiqincə davam etdirən, bu adı uca tutan bütün müəllimləri təbrik etmiş, gələcək həyat və fəaliyyətlərində uğurlar arzu etmişdir.