sa sa 2379
Amerikalı alim Cəmaləddin Musayevin iştirakı ilə seminar keçirilmişdir + Foto Okt 30, 2018 | 10:44 / Mühüm hadisələr

ABŞ-ın Emory Universitetinin Emerson Elmi Hesablamalar Mərkəzinin direktoru, professor Cəmaləddin Musayev 29 oktyabr 2018-ci il tarixində Molekulyar Biologiya və Biotexnologiyalar institutunun qonağı olmuşdur. İnstitutun direktoru AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova qonağı institut əməkdaşlarına təqdim edərək, onun həyatını elmə həsr edən, xaricdə yaşayan nüfuzlu alimlərimizdən biri olduğunu qeyd etmişdir. C. Musayev institutun laboratoriyaları və aparılan elmi tədqiqat işləri ilə tanış olduqdan sonra institutun əməkdaşları qarşısında “Elmi-tədqiqatlarda multi-dissiplinarlıq” mövzusunda çıxış etmişdir. Alim Emerson Elmi Hesablamalar Mərkəzində aparılan elmi-tədqiqat işlərinin istiqamətləri haqqında məlumat vermişdir. Alim gəlişinin əsas məqsədlərindən birinin AMEA və həmçinin MBBİ ilə əməkdaşlıq imkanlarının dəyərləndirilməsi olduğunu bildirmişdir. Nəzəriyyəçi alim olan C. Musayev qeyd etmişdir ki, rəhbərlik etdiyi qrupun apardığı nəzəri işlər təcrübələrlə də təsdiq olunur. C. Musayev uzun illər xaricdə yaşamasına baxmayaraq, Azərbaycanla əlaqələrini itirməyərək Azərbaycan elminin inkişafı üçün səylərini əsirgəmir. Belə ki, o vətənimizi 21 ölkədə 337 mühazirə ilə təmsil etmişdir. Onun səyi nəticəsində Xəzər Universiteti tələbələrinə dəfələrlə təqaüd verilmişdir. Bundan əlavə Yaponiyanın Elm Təşviqi Dərnəyi ilə Azərbaycan Elmi tədqiqat institutları arasında tələbə mübadilə proqramları həyata keçirilmişdir. C. Musayev  gənclərə müraciət edərək  yaradıcı düşüncə ilə hər şeyə maraq göstərmək və çalışqan olmağın elmdə uğur qazanmaq üçün başlıca amillər olduğunu bildirmişdir.