sa sa 2281
“Müasir biologiya və aqrar elmlərdə innovasiyalar və qlobal çağırışlar” mövzusunda gənc alim və tələbələrin konfransı keçirilib + Foto Okt 31, 2018 | 10:04 / Konfranslar, iclaslar

Konfransın rəsmi hissəsi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda davam etdirilmişdir. Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibinin müavini, Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov dahi şəxsiyyət Cəlal Əliyev məktəbinin yetirməsi olduğu üçün qürur hissi keçirdiyini bildirmiş, tələbələrinə xüsusi diqqət və qayğı ilə yanaşan dünya şöhrətli alimin elmə həvəs və maraq göstərən gənclərə hər zaman dəstək olduğunu qeyd etmişdir.

Sonra AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İradə Hüseynova ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan biologiya elminin inkişafında əvəzsiz xidmətlərindən söz açmışdır. Ölkəmizdə hər zaman dövlət tərəfindən elmi ictimaiyyətin nümayəndələrinə xüsusi diqqət və qayğı göstərildiyini deyən İ.Hüseynova Prezident İlham Əliyevin “Akademik Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 22 may tarixli Sərəncamını xatırladıb, tədbirin bu mühüm sənədə əsasən keçirildiyini diqqətə çatdırmışdır.

Əsası ötən əsrin 70-ci illərində akademik Cəlal Əliyev tərəfindən əsası qoyulmuş molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyasının hal-hazırda yeni, müasir istiqamətləri inkişaf etdirilir. İ.Hüseynova Cəlal Əliyevin hələ SSRİ dövründə ölkənin müxtəlif ali təhsil ocaqlarından istedadlı tələbələri seçərək onları Sovet İttifaqının qabaqcıl universitetlərində öz təhsillərini davam etdirməyə göndərdiyini bildirmişdir. O, mərhum akademikin davamçılarının hal-hazırda Azərbaycan həmçinin  ABŞ, Böyük Britaniya, Rusiya Federasiyası, Türkiyə, Ukrayna, Cənubi Koreya və başqa ölkələrin nüfuzlu universitetlərində uğurla fəaliyyət göstərdiyini qeyd etmişdir.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai dünya şöhrətli alimin kənd təsərrüfatı bitkilərinin, əsasən buğdanın fotosintetik məhsuldarlığının nəzəri əsaslarının öyrənilməsində, fotosintez və fototənəffüs proseslərinin kompleks tədqiqində göstərdiyi xidmətlərdən danışıblar. Bildirilib ki, alim elmi fəaliyyətinə  Əkinçilik İnstitutunda başlamışdır. Sonralar görkəmli alim Əkinçilik Elmi-Tədqiqat İnstitutunda öz laboratoriyasını yaratmış, onu şöbə səviyyəsinə çatdıraraq ömrünün sonunadək həmin şöbəyə rəhbərlik etmişdir. C.Əliyevin tədqiqatlarının nəticələri respublika iqtisadiyyatının inkişafı və məhsuldarlığın yüksəldilməsi baxımından böyük əhəmiyyət kəsb edir. 

Tədbirdə Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə, Əkinçilik İnstitutunun Bitki fiziologiyası və biotexnologiya şöbəsinin müdiri Tofiq Allahverdiyev və başqaları çıxış edərək akademik Cəlal Əliyevin Azərbaycan biologiya və aqrar elmlərinin inkişafında xidmətlərindən, ictimai- siyasi fəaliyyətindən söz açıblar.

Sonra görkəmli alim Cəlal Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Əbədi çıraq” filmi nümayiş olunmuşdur.