sa sa 4860
9 noyabr "Dövlət Bayrağı Günü"nə həsr edilmiş tədbir keçirilib + Foto Noy 09, 2018 | 11:13 / Tədbirlər

Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq-öz yurduma öz hakimliyim.    (Bəxtiyar Vahabzadə)

8 noyabr 2018-ci il tarixində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Bayraq günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, b.ü.f.d. Ələmdar Məmmədov bu günün əhəmiyyətini, xalqımızın bayrağa xüsusi dəyər verdiyini, onu qoruduğunu vurğulamışdır. Natiq bildirmişdir ki, ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada  qəbul edilərək qaldırılmış bayrağımız, SSRİ-nin  süqutundan sonra, 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə yenidən dövlət atributu seçilmişdir. 2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə qəbul edilmiş əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olundu.

Sonra Bitki biotexnologiyası laboratoriyasının aparıcı elmi işçisi b.ü.f.d. Sədaqət Əsədova Azərbaycan bayrağının keçmişə dayanan tarixindən danışdı. Bayrağın hər bir dövlət üçün suverenlik, müstəqillik simvolu olduğunu qeyd etdi. O, öz çıxışında məşhur yazıçı, professor Əli bəy Hüseynzadənin üç rəngli, ay-ulduzlu bayrağımızın ideya müəllifi olduğunu qeyd etdi. 

Təhsil şöbəsinin baş mütəxəssisi Qənfilə Bayramova çıxışında Qarabağ döyüşlərində bayrağımızın  əsgərlərimiz tərəfindən göz bəbəyi kimi qorunduğundan bəhs etdi. Çıxışının sonunda Q. Bayramova “Bayraq da var, bayrağı qoruyan oğullar da var” şeirini səsləndirdi.  

Azərbaycan öz müstəqilliyini asanlıqla əldə etməyib. Bu bayrağın dalğalanması üçün nə qədər qanlar tökülüb, nə qədər insanlar şəhid olub. Hər bir Azərbaycan vətəndaşı üçün bayraq qürur mənbəyi olmalıdır. Bu gün Azərbaycan bayrağı dünyanın ən mötəbər kürsülərində ucalır. Hazırda 162 metr yüksəklikdə dalğalanan Azərbaycan bayrağı dünyanın ən yüksək bayrağıdır. Bu bayrağı hər zaman uca tutmaq hər bir azərbaycanlının borcudur.