sa sa 4786
Yeni Azərbaycan Partiyası qısa müddətdə böyük rəğbət qazanaraq əsl xalq partiyasına çevrilib + Foto Noy 21, 2018 | 14:41 / Mühüm hadisələr

Noyabrın 20-də Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 26 illiyi ilə əlaqədar partiyanın Səbail rayon təşkilatı AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tədbir keçirib.

Əvvəlcə tədbirdə ümummilli lider Heydər Əliyev haqqında videoçarx nümayiş etdirilib.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev çıxış edərək partiyanın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Heydər Əliyevin xalqın və dövlətin qarşısında göstərdiyi böyük xidmətlərdən danışıb. O, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olmasının, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsinin dahi rəhbər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər artıq Azərbaycanı inkişaf yoluna çıxarıb. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Müstəqil dövlət ideyası Azərbaycanın yeni tarixində məhz Heydər Əliyevin adı, şəxsiyyəti ilə bağlıdır.

Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi palitrasına yeni nəfəs gətirib. Bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqaz bölgəsinin ən güclü siyasi qüvvəsi kimi özünü təsdiq edib. Azərbaycanın inkişafı prosesində YAP fəal şəkildə iştirak edir. Yeni Azərbaycan Partiyası qısa müddətdə böyük rəğbət qazanaraq əsl xalq partiyasına çevrilib

Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov qeyd edib ki, Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il noyabrın 21-i respublikamızın ictimai-siyasi həyatında yeni tarixi başlanğıc nöqtəsi sayılır. Ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP Azərbaycanın ictimai-siyasi həyatına daxil oldu və bununla Azərbaycanın tarixində yeni dövr başladı.

Vurğulanıb ki, Azərbaycan siyasi mühitinin ən güclü, monolit və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olmasıdır. Çünki Azərbaycan xalqının istəkləri, cəmiyyətin sosial-iqtisadi sifarişləri YAP-ın konseptual strateji proqramında ana xətti təşkil edir.

“SƏS” Media Qrupunun rəhbəri Bəhruz Quliyev deyib ki, Yeni Azərbaycan Partiyası 26 ildir öz prinsiplərini qoruyur. Yeni Azərbaycan Partiyası öz potensialı, real addımları və bacarıqlı kadrları ilə xalqa xidmət edir. Partiyanın gücü onun siyasi proseslərdəki mühüm rolu, iştirakı və qələbəsi ilə ölçülür. Partiyanın gücü onun ideologiyasındadır, xalqın rəğbətini, sevgisini qazanmasındadır, böyük sosial bazaya malik olmasında və seçkilərdə parlaq qələbələr əldə etməsindədir. Siyasi proseslərdə liderliyi bir daha göstərir ki, Yeni Azərbaycan Partiyası bundan sonra daha da qüdrətlənəcək, daha böyük siyasi gücə çevriləcək.

AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova Yeni Azərbaycan Partiyasının təsis edilməsinin ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu bildirib. O, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa sadiq qalan Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın gələcəyə doğru inamla irəlilədiyini diqqətə çatdırıb. Bildirib ki, ötən illər ərzində Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənib, ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənib. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycan regionun lider dövlətinə çevrilib.

Sonra YAP sıralarına yeni üzv olmuş şəxslərə partiya vəsiqələri təqdim edilib.

azertag.az