sa sa 2096
İnstitutun aparıcı elmi işçisi Gülnarə Balakişiyeva Fransanın Strasburq şəhərində Avropa Şurasının Bioetika komitəsinin iclasında iştirak etmişdir. + Foto Noy 23, 2018 | 10:06 / Konfranslar, iclaslar

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Milli Bioetika Komitəsinin elmi katibi b.ü.f.d. Gülnarə Balakişiyeva    20-22 Noyabr 2018-ci il tarixlərində Fransanın Strasburq şəhərində Avropa Şurasının Bioetika komitəsinin 14-cü iclasında iştirak etmişdir.  İclasda Avropa şurasına daxil olan 47 ölkənin təmsilçiləri ilə yanaşı Orqan Trasplantasiyası üzrə Avropa Komitəsi,  Qanköçürmə üzrə Avropa Komitəsi, Uşaq Hüquqları Komitəsi, İnsan Hüquqları üzrə Əlaqələndirmə Komitəsinin nümayəndələri də iştirak etmişlər. İclas  Bioetika sahəsində ölkələrdə olan yeniliklər haqqında məlumat mübadiləsi ilə başlamışdır. İclasda komitənin hazırladığı Biotibb və Sağlamlıq üzrə İctimai Müzakirələr layihəsi təqdim edilmiş,  onun əsas məqsədləri geniş müzakirə olunmuşdur. İclasın gündəliyində duran digər məsələ DH-BIO komitəsinin  2020-2025-ci illərdə Strateji Fəaliyyət Planının  müzakirəsi olmuşdur. İştirakçılar komitənin iş metodları və gələcək fəaliyyətləri haqqında təkliflərini irəli sürmüş və bu istiqamətdə geniş  fikir mübadiləsi aparmışlar. İclas zamanı həmçinin psixi pozğunluğu olan şəxslərin məcburi xəstəxanaya yerləşdirilməsi və məcburi müalicəsi baxımından onların hüquqlarının qorunmasına dair Əlavə Protokol layihəsinə Avropa Şurasının digər müvafiq komitələrinin verdiyi rəylərin müzakirəsi aparılmış, təklif edilən dəyişikliklərin edilməsi və layihənin təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirilməsi qərarı alınmışdır. İclasda uşaq hüquqlarının qorunması məsələsinə də toxunulmuş və yeni ailə formaları və bioetika aspektlərində uşaqların maraqlarının qorunmasının vacibliyi vurğulanmışdır.   İclasın yekununda DH-BIO komitəsinin prezidenti, vitse-prezidenti və büro üzvlərinin seçkisi keçirilmişdir.