sa sa 2440
ADAU-da “Akademik Cəlal Əliyev və bioloji müxtəlifliyin genetik ehtiyatları” mövzusunda respublika elmi-praktik konfransı keçirilib + Foto Dek 03, 2018 | 12:01 / Konfranslar, iclaslar

Azərbaycan Respublikası Prezidentinin 22 may 2018-ci il tarixli “Akademik Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” sərəncamının icrası ilə əlaqədar təsdiq olunan tədbirlər planına əsasən Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Akademik Cəlal Əliyev və bioloji müxtəlifliyin genetik ehtiyatları”mövzusunda respublika elmi-praktiki konfransı keçirilib. Konfransda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Dövlət Aqrar Universiteti, AMEA-nın Genetik Ehtiyatlar İnstitutu, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Botanika İnstitutu, Dendrologiya İnstitutu, Mərkəzi Nəbatat Bağı, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Gəncə bölməsi, Təhsil Nazirliyinin Gəncə Dövlət Universiteti, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qida Təhlükəsizliyi İnstitutundan 100-dən çox məqalə məruzə üçün təqdim edilib. Məqalələr akademik Cəlal Əliyevin apardığı fundamental araşdırmaların və elmi nailiyyətlərin müxtəlif aspektlərinə həsr olunmaqla nəşr edilib.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimovun təbriklərini konfrans iştirakçılarına çatdıran nazir müavini Seyfəddin Talıbov Azərbaycanın görkəmli alimi, tanınmış ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Cəlal Əliyevin Azərbaycanda biologiya elminin bir sıra yeni istiqamətlərini müəyyənləşdirilməsində və onun aktual problemlərinin həllində, bütövlükdə aqrar elmin inkişafında, buğdanın məhsuldarlığının əsası kimi fotosintez prosesinin kompleks tədqiqində rolundan danışıb.

Konfransda AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun ümumi işlər üzrə direktor müavini Natiq Allahverdiyev Cəlal Əliyev ilə bağlı xatirələrini bölüşmüş, elmi işlər üzrə direktor müavini b.ü.f.d. Ələmdar Məmmədov , AMEA-nın müxbir üzvü İbrahim Əzizov, b.ü.e.d. Şahniyar Bayramov , b.ü.f.d. Həsən Qəribov, b.ü.f.d. Səadət Xudaverdiyeva, b.ü.f.d. Nurməmməd Mustafayev, b.ü.f.d. Mahirə Məmmədova maraqlı məruzələrlə çıxış ediblər.