sa sa 2320
İnstitutun böyük elmi işçisi İbrahimova Ülkər Belarusiyada elmi ezamiyyətdə olmuşdur + Foto Dek 12, 2018 | 10:16 / Ezamiyyətlər

Genomun quruluşu və ekspressiyası laboratoriyasının böyük elmi işçisi, b.ü.f.d. İbrahimova Ülkər Faiq qızı 25.11.2018-07.12.2018 tarixlərində “Fotosintezin ilkin proseslərinin fitoxromla tənzimlənməsi mədəni bitkilərin stresə davamlılıq amili kimi” mövzusunda təsdiq olunmuş “Azərbaycan-Belorus” layihəsi çərçivəsində Belarusiyanın Minsk şəhərində ezamiyyətdə olmuşdur. Adı gedən layihəyə Xloroplastların fotokimyası laboratoriyasının müdiri, akademiyanın müxbir üzvü, professor İbrahim Əzizov rəhbərlik edir. Ülkər İbrahimova Belarusiya Milli Elmlər Akademiyası “Biofizika və hüceyrə mühəndisliyi” İnstitutunda və Belarusiya Dövlət Universitetinin dəvəti ilə “Hüceyrə biologiyası və bitkilərin biomühəndisliyi”  kafedrasında ˮNaCl-un Triticum aestivum L. genotiplərində bəzi fotosintetik və biokimyəvi parametrlərə təsiriˮ mövzusunda məruzə ilə çıxış etmişdir. Ezamiyyət müddətində Ülkər İbrahimova Belarusiya Elmlər Akademiyasının Genetika, Eksperimental Botanika İnstitutlarında, eləcə də, Belarusiya Dövlət Universitetinin Biologiya fakültəsində olmuş, laboratoriyalarda ümumi işlərlə tanış olmuş, tələbə və müəllim heyəti ilə maraqlı elmi müzakirələrdə iştirak etmişdir.