sa sa 2308
Akademik Cəlal Əliyev adına beynəlxalq mükafat təsis olunub + Foto Dek 18, 2018 | 12:42 / Mühüm hadisələr

Akademik Cəlal Əliyevin dünya fotosintez elminə verdiyi töhfələri nəzərə alaraq, Beynəlxalq Fotosintez Cəmiyyəti (ISPR – International Society of Photosynthesis Research) Cəlal Əliyevin şərəfinə “Davamlı inkişaf naminə fotosintez və hidrogen enerjisi tədqiqatları” mövzusunda 9-cu beynəlxalq konfransın keçirilməsi haqqında qərar qəbul etmiş və onun adına (The Jalal Aliyev Lecture Scholarship Award) mükafat təsis etmişdir. Cəlal Əliyev adına mükafatı alan ilk alim Yaponiyanın Okoyama Universitetinin professoru Jian-Ren Shen olmuşdur. 17-18 dekabr 2018-ci il tarixlərində Bakı şəhərində keçirilən konfransda mükafat Beynəlxalq Fotosintez Cəmiyyətinin katibi, professor Julian Eaton-Rye tərəfindən şəxsən professor Jian-Ren Şenə təqdim edilmişdir.  Qeyd etmək lazışdır ki, Jian-Ren Shen 1961-ci ildə Çinin Jeçianq vilayətində anadan olmuş, 1982-ci ildə Jecianq Kənd Təsərrüfatı İnstitutunu bitirmiş, 1986-cı ildə Yaponiyanın Tokio Kənd Təsərrüfatı və Texnologiyası Universitetində magistr dissertasiyasını müdafiə etmiş, 1990-cı ildə isə bu universitetdə fəlsəfə doktoru dərəcəsini almışdır. 1990-1997-ci illərdə Yaponiyanın RIKEN İnstitutunda Günəş Tədqiqatları qrupunda tədqiqatçı alim kimi işləmişdir. 1997-2003-cü illərdə həmin institutda böyük elmi işçi kimi fəaliyyət göstərmişdir. 2003-cü ildən bu günə kimi Yaponiyanın Okayama Universitetinin professorudur. Eyni zamanda, Yaponiya Fənlərarası Tədqiqatlar İnstitutunun professoru və dekan müavinidir. Professor Jian-Ren Şenin tədqiqatları fotosintetik sistemlərin struktur və funksiyasının öyrənilməsinə həsr olunmuşdur. O, 2011-ci ildə ilk dəfə olaraq 2-ci fotosistemin strukturunu 1.9 Å dəqiqliklə müəyyən etmiş (Nature, 2011) və bu nailiyyət Science jurnalında “2011-ci ilin kəşfi” adlandırılmışdır. O, öz qrupu ilə birlikdə 2-ci fotosistemin radiasiyadan zədələnməyən quruluşunu (Nature, 2015), 2-ci fotosistemin aralıq quruluşunu (Nature, 2017), ali bitkilərdə FSI-LHCI quruluşunu (Science, 2015), fotosintetik bakteriyada LH1-RC-nin quruluşunu (Nature, 2018) və s. müəyyənləşdirmişdir. Professor Jian-Ren Şen Yaponiyada bir sıra mükafatlara, o cümlədən, nüfuzlu Asahi mükafatı (2013) və Yaponiyanın Baş nazirinin Yaşıl Elm mükafatına (2017) layiq görülmüşdür.