sa sa 2299
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun 2018-ci il üçün yekun hesabatı keçirilmişdir. + Foto Dek 21, 2018 | 17:20 / Mühüm hadisələr

Dekabrın 21-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 2018-ci ildə aparılan elmi-tədqiqat, elmi-təşkilati və elmi-pedaqoji  işlərin yekun hesabatı dinlənilmişdir.Tədbirdə biologiya və tibb elmləri bölməsinin akademik katibi, akademik Əhliman Əmiraslanov, bölmənin elmi katibi Afiq Məmmədov, elmi şuranın üzvləri və institutun əməkdaşları iştirak etmişlər. Yekun hesabatını institutun direktoru, akademiyanın vitse-prezidenti, akademik İradə Hüseynova təqdim edərək bildirmişdir ki, 2018-ci ildə AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu Dövlət Proqramları çərçivəsində öz fəaliyyətini uğurla davam etdirmişdir. Akademik institutun elmi işlərinin əsas istiqamətləri və alınan mühüm nəticələr haqqında iclas iştirakçılarına məlumat vermişdir. İ. Hüseynovanın məruzəsi şura üzvləri tərəfindən geniş müzakirə olundu. Çıxış edənlər – AMEA-nın həqiqi üzvü V.Əli-zadə, AMEA-nın müxbir üzvləri N. Quliyev, İ.Əzizov, İ.Şahmuradov, b.ü.e.d. S.Süleymanov, beynəlxalq laboaratoriyaların müdirləri b.e.d. S.Allahverdiyev, b.ü.f.d. İ.Zülfüqarov,  institutun elmi işlər üzrə direktor müavini,b.ü.f.d. Ə.Məmmədov institutun illik fəaliyyətini müsbət qiymətləndirdilər. İclasın sonunda akademik Əhliman Əmiraslanov qeyd etdi ki, bu institut akademik Cəlal Əliyevin şah əsəridir və yeni yaranmasına baxmayaraq  institutun böyük nailiyyətləri olmuşdur. Cəlal Əliyevin şagirdlərinin səsi dünyanın bütün ölkələrindən gəlir.  İradə Hüseynova Cəlal Əliyev məktəbinin davamçısı kimi gənclərə xüsusi diqqət yetirir və bu baxımdan institutda gənclərin sayının çox olması təqdirəlayiqdir.  İnstitutda 5 beynəlxalq laboratoriya fəaliyyət göstərir və dünyada tanınmış alimlərin işə cəlb olunması üçün bu laboratoriyaların maddi-texniki bazasının inkişaf etdirilməsi vacibdir.  Ə.Əmiraslanov institutda elmi-təşkilati işlərin yüksək səviyyədə aparıldığını qeyd edərək, institut əməkdaşlarına gələcək işlərində uğurlar arzuladı.