sa sa 2242
Biologiya və Tibb Elmləri Bölməsinin və Lənkəran Regional Elmi Mərkəzinin elmi şurasının birgə iclası keçirilib + Foto Dek 27, 2018 | 12:50 / Konfranslar, iclaslar

Dekabrın 26-da Lənkəran şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) və Lənkəran Regional Elmi Mərkəzinin (REM) elmi şurasının birgə iclası keçirilib.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanovun sədrlik etdiyi iclasda BTEB bürosunun və Lənkəran REM-in elmi şurasının üzvləri ilə yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin və müvafiq yerli təşkilatların rəhbər və mütəxəssisləri, Lənkəran Şəhər İcra Hakimiyyətinin rəhbərliyi də iştirak edib.

Əvvəlcə akademik Əhliman Əmiraslanov iştirakçıları gündəliklə tanış edib.

Tədbirdə Lənkəran Regional Elmi Mərkəzinin direktoru, kənd təsərrüfatı elmləri doktoru Fərman Quliyevin bu qurumun fəaliyyətinin yekunlarına dair məruzəsi dinlənilib. Məruzədə müxtəlif elmi istiqamətlərlə bağlı aparılan tədqiqat işləri barədə məlumat yer alıb. Fərman Quliyev Azərbaycanın cənub-şərqində çay və sitrus bitkilərinin sort və formalarının toplanması, qiymətləndirilməsi, yeni sortların yaradılması, yabanı floranın növ tərkibinin müəyyənləşdirilməsi və qiymətləndirilməsinin, eləcə də subtropik qərzəkli, sitrus meyvə bitkilərinin şaxtaya, xəstəlik və zərərvericilərə davamlı yeni sortlarının yaradılması və mövcud sortların öyrənilməsinin, həmçinin Azərbaycanın müvafiq ərazisində arxeoloji abidələrin sistemli və müasir elmi üsullarla tədqiqinin prioritet istiqamətlərdən olduğunu bildirib. Mərkəzin beynəlxalq əlaqələri haqqında da məlumat verən məruzəçi bildirib ki, hesabat ilində İranın bir neçə elmi tədqiqat institutları ilə əməkdaşlıq əlaqələri qurulub. Əlavə edib ki, əkinçilik, torpaqşünaslıq, biokimya, çay, zeytun, feyxoa və sitrus bitkilərinin yetişdirilməsi sahəsində mütəxəssislərin hazırlanması, elmi-texniki əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi istiqamətlərində müəyyən razılaşmalar əldə olunub.

Məruzə dinlənildikdən sonra müzakirələr aparılıb. Akademik Əhliman Əmiraslanov Lənkəran REM-in növbəti illər üzrə elmi istiqamətləri və mövzu planlarından söhbət açaraq, bu sahədə Lənkəran Dövlət Universiteti ilə birgə elmi tədqiqat işlərinin aparılmasının vacibliyini vurğulayıb. Yerli kadrların hazırlanmasına ehtiyac olduğunu vurğulayan akademik bu istiqamətdə institutların üzərinə düşən vəzifələrdən danışıb.

Tədbirdə AMEA-nın aqrar məsələlər üzrə müşaviri, akademik Qərib Məmmədov coğrafi informasiya sistemləri əsasında interaktiv elektron torpaq və torpaqların elektron ekoloji qiymət xəritələrinə dair məruzə ilə çıxış edib. Bildirib ki, ərazi üzrə torpaq resurslarının optimal idarəsi üçün məkanla bağlı torpaq və torpaq yeri, həmçinin ümumcoğrafi informasiya haqqında baza məlumatların olduğu sistemin yaradılması olduqca vacibdir. Akademik ekoloji qiymət xəritələrinin məlumat bazasının yaradılması və idarə edilməsi xüsusiyyətlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

İclasda AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova, Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov, AMEA-nın Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə, Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, AMEA-nın Dendrologiya İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Tofiq Məmmədov, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru Ulduz Həşimova, Mərkəzi Nəbatat Bağının direktoru vəzifəsini icra edən, biologiya üzrə fəlsəfə doktoru Vahid Fərzəliyev, Zoologiya İnstitutunun direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elman Yusifov və başqaları çıxış edərək görülən işlərdən danışıblar.

Sonra BTEB-in institutlarının Lənkəran-Astara bölgəsində indiyədək apardıqları birgə tədqiqat və gələcək planlar, çayçılıq, tərəvəzçilik, sitrus bitkiləri, çəltikçilik və baramaçılığın inkişafı ilə bağlı dövlət proqramlarının yerinə yetirilməsində Lənkəran REM-in rolu, Lənkəran REM və BTEB-in institutları ilə Lənkəran Dövlət Universiteti, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun Lənkəran Çayçılıq filialı, Hirkan Milli Parkı, eləcə də digər əlaqədar yerli təşkilatlar arasında əməkdaşlıq əlaqələrinin inkişaf yolları, regionda birgə elmi seminar, simpozium və konfransların təşkili məsələləri haqqında, həmçinin Lənkəran REM-in tədqiqat imkanlarına və təcrübə sahəsinə baxış sahələri üzrə müzakirələr aparılıb, müvafiq tapşırıqlar verilib.

Müzakirələrdən sonra elmi mərkəzin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatının təsdiq edilərək akademiyanın illik hesabatına salınması barədə qərar qəbul olunub.

azertag.az