sa sa 2348
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şənlik keçirildi + Foto Dek 28, 2018 | 16:23 / Tədbirlər

Bu gün 28 dekabr tarixində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il münasibətilə bayram şənliyi keçirildi. Şənlikdə institutun direktoru, akademik İradə Hüseynova yola saldığımız  2018-ci ilin intitutun elmi fəaliyyətində mühüm və uğurlu olduğunu bildirərək, qarşıdan gələn yeni ilin də daha da müvəffəqiyyətli olacağına şübhə etmədiyini vurğuladı. İnstitutun digər əməkdaşları da bu əziz gün münasibətilə öz sevinclərini bölüşdülər. Çıxış edənlər bu günün azərbaycanlılar üçün ikiqat unudulmaz tarixi gün olduğunu qeyd etdilər.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü— Azərbaycan millətinin birliyinin simvolik rəmzidir.

Qədim tarixə malik olan azərbaycanlılar bəşər sivilizasiyasına böyük töhfələr vermişdir. Müharibələr, hərbi münaqişələr, dünyada gedən siyasi böhranlar nəticəsində Azərbaycan parçalanıb, azərbaycanlıların əksəriyyəti vətəndən uzaq düşmüş, başqa ölkələrdə məskunlaşmışlar. Hazırda dünyanın hər yerində azərbaycanlılar yaşayır.

Keçmiş SSRİ-nin sərt qadağaları qardaşın qardaşla görüşməsinə imkan verməmiş, vətəndə yaşayan azərbaycanlılar başqa ölkələrdəki soydaşlarımızla görüşmək, əlaqələr yaratmaq imkanından məhrum idilər. Sovet rejiminin zəifləməyə başladığı 1980-ci illərin sonlarında Azərbaycan xalqı öz həmvətənləri ilə əlaqələr yaratmaq üçün səylərini artırdı.

1989-cu il dekabrın sonlarında Naxçıvanda SSRİ-İran sərhədlərinin açılması ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası qoyuldu. Bu vaxt İstanbulda Türkdilli Xalqların Konfransı keçirilirdi. Konfransda dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verildi.

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, ulu öndər  Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi.