sa sa 2308
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçirilmişdir. + Foto Yan 18, 2019 | 15:11 / Tədbirlər

Yanvarın 18-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi. Tədbir şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. İnstitutun elmi işlər üzrə direktor müavini, b.ü.f.d. Ələmdar Məmmədov tədbiri açıq elan edərək  1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın Dağlıq Qarabağa təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onları dəstəkləməsindən hiddətlənərək, Bakının küçələrinə və meydanlarına çıxıb buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi ilə Azərbaycanda misli görünməmiş faciənin törədildiyini bildirdi. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.                          

 Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü “Xloroplastların fotokimyası” laboratoriyasının müdiri İbrahim Əzizov tariximizə “Qanlı Yanvar” faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 29 il keçməsinə baxmayaraq sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüzün insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi yaddaşlarda qalacağını bildirdi. Təhsil şöbəsinin baş mütəxəssisi Qənfilə Bayramova o ağrılı günləri xatırlayaraq, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin “Dəli bir ağlamaq keçir könlümdən” şeirini səsləndirdi. Tədbirin sonunda 20 yanvar şəhidlərinə həsr olunmuş film nümayiş olundu.