sa sa 2030
Elmi tədqiqatların koordinasiyasının təkmilləşdirilməsi ilə bağlı müşavirə keçirilib + Foto Yan 25, 2019 | 18:00 / Mühüm hadisələr

Məlum olduğu kimi, 17 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclası keçirilib. İclasda bir sıra mühüm məsələlər, o cümlədən elmi problemlər üzrə elmi şuraların veb-saytlarının fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.

Yanvarın 25-də isə AMEA Rəyasət Heyətində elmi şuraların veb-saytlarına məsul şəxslərin iştirakı ilə veb-saytların mövcud vəziyyəti və qarşıda duran vəzifələrin icrasına həsr olunmuş müşavirə keçirilib.

Əvvəlcə AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev çıxış edərək elmin koordinasiyası məsələsinin həlli tələb olunan mühüm problem olduğunu deyərək, bu məsələnin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının da diqqət mərkəzində olduğunu vurğulayıb.

R.Əliquliyev “Elm haqqında” qanunda da elmi müəssisə və təşkilatların həyata keçirdiyi elmi-tədqiqat işlərinin əlaqələndirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası yaradılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən Əlaqələndirilmə Şurasının 15 nəfərdən ibarət tərkibi formalaşdırılmış və təsdiq edilmişdir.

AMEA prezidenti, akademik Akif Əlizadənin sədri olduğu şuranın fəaliyyət istiqamətlərindən söz açan alim elmi qurumların fəaliyyətinin optimallaşdırılması və təkmilləşdirilməsinin qarşıda duran əsas hədəflərdən olduğunu nəzərə çatdırıb. R.Əliquliyev qeyd edib ki, hazırda Azərbaqycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında elmi adlar və elmi titulların verilməsi prosesinin müasir dövrün tələblərinə uyğunlaşdırılması və sadələşdirilməsi ilə bağlı müəyyən işlər görülür.

“Dövlət başçısının alim və mütəxəssislərin qarşısında qoyduğu mühüm vəzifələrdən biri də elektron elmin inkişafı ilə bağlıdır”, – deyən akademik R.Əliquliyev Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yanvarın 17-də keçirilən iclasında e-elmin müasir vəziyyəti və perspektivlərinin müzakirə olunduğunu, müəyyən tapşırıqların verildiyini bildirib.

O, AMEA Rəyasət Heyəti aparatının nəzdində yeni yaradılmış Elmi tədqiqatların koordinasiyası şöbəsi haqqında məlumat verərək, bu şöbənin elmin koordinasiyasının təkmilləşdirilməsi, elmi şuraların veb-saytlarının vəziyyətinin monitorinqinin təşkili və müvafiq istiqamətdə dövlət başçısının qarşıya qoyduğu digər tapşırıqların həllində operativ fəaliyyət göstərəciyini qeyd edib.

Elmin idarə olunması və koordinasiyası işinin təkmilləşdirilməsi üçün müvafiq informasiya resurslarının yaradılmasının zəruri olduğunu deyən R.Əliquliyev rəhbərlik etdiyi AMEA İnformasiya Texnologiyaları İnstitutunda həm Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası, həm də elmi problemlər üzrə elmi şuraların veb-saytlarının hazırlandığını diqqətə çatdırıb.

R.Əliquliyev problem şuralarının fəaliyyətinin yenidən təşkilinin müasir dövrün tələblərindən olduğunu qeyd edərək, dövlətin elm qarşısına qoyduğu bu və ya digər vəzifələrin həyata keçirilməsində alim və mütəxəssisələri fəal olmağı çağırıb.

Sonra Elmi tədqiqatların koordinasiyası şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Rəna Qasımova  təqdimatla çıxış edib. O, 16 elmi problem üzə elmi şuranın veb-saytlarının 16 normativ tələblərə uyğunluğuna dair aparılmış monitorinqin nəticələri haqqında məlumat verib, bir sıra göstəriciləri diqqətə çatdırıb.  

Tədbirdə Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək problem şuralarının fəaliyyətinin tənzimlənməsi və bu məqsədlə Əsasnamənin qəbul edilməsinin vacib məsələlərdən olduğunu bildirib.  

Sonda çıxışlar ətrafında müzakirələr aparılıb, sual və təkliflər səsləndirilib.