sa sa 2055
Gənc alimlər Yüksək Texnologiyalar Parkının istehsal prosesi ilə tanış olublar + Foto Fev 07, 2019 | 18:00 / Mühüm hadisələr

Fevralın 7-də akademiyanın elmi müəssisə və təşkilatlarının gənc alim və mütəxəssisləri AMEA-nın Yüksək Texnologiyalar Parkını (YT Park) ziyarət edib, istehsal prosesi ilə tanış olublar.

Qonaqları YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov, müəssisənin infrastruktur üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Elxan Bayramov və strateji inkişaf üzrə direktor müavini Məmməd Bağırzadə müşayiət ediblər.

Əvvəlcə gənc alimlər YT Parkın yeni yaradılan Strateji Elmi Analitik Sınaq Mərkəzinə (SEASM) baş çəkib, müasir standartlara cavab verən laboratoriyalara baxış keçiriblər. Mərkəzin müdir müavini Kamal Yusifovbildirib ki, burada qaz və maye neft qazlarının, neft və neft-kimya məhsullarının və istehlak mallarında toksik elementlərin dəqiq sınağı həyata keçiriləcək. AMEA-nın elmi müəssisə və təşkilatlarının sözügedən sınaqları bu günə qədər xaricdə həyata keçirdiklərini deyən K.Yusifov laboratoriyanın regionda ilk dəfə ölkəmizdə qurulması ilə respublikadan valyuta axınının qarşısının alınacağını diqqətə çatdırıb.

Sonra YT Parkın rezidentləri "AMEA Təcrübə-Sənaye Zavodu" MMC və "Millers Oils Azerbaijan" MMC-nin fəaliyyət prosesi ilə tanış olan gənclərə burada beynəlxalq standartlara uyğun yüksək keyfiyyətdə istehsal edilən sənaye, mühərrik, sürtkü və hidravlik yağları, həmçinin müalicəvi əhəmiyyətə malik "Naftalan yağı" barədə məlumat verilib. Zavodun direktoru Vasif Abbasov, baş mühəndisi Adil Ağayev və "Millers Oils" şirkətinin nümayəndəsi Kiril Solovyov bildirib ki, burada elmtutumlu, innovativ, rəqabətədavamlı və ixracyönümlü 100-dən çox adda yerli məhsul istehsal olunur.

Daha sonra gənclərlə Yüksək Texnologiyalar Parkının rəhbərliyinin görüşü keçirilib.

Görüşdə YT Parkın direktoru N.Şükürov rəhbərlik etdiyi müəssisənin alimlərin elmi tədqiqatlarının tətbiqi və kommersiyalaşdırılması məqsədilə yaradıldığını bildirib. Qeyd edib ki, bu gün Parkda 10 rezident fəaliyyət göstərir və respublikada həyat səviyyəsinin yüksəldilməsi, insanların maddi rifahının yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişafı istiqamətində ardıcıl işlər icra olunur.

N.Şükürov hazırda YT Parkda respublikanın hərbi-müdafiə qüdrətinin artırılması istiqamətində rəqabətədavamlı məhsulların da istehsal olunduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, burada istehsal edilən hərbi və mülki təyinatlı dronlar respublikanın güc strukturları tərəfindən, həmçinin kənd təsərrüfatı sektorunda istifadə olunur.

Alim hazırda Parkda "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi"ndə yer alan ölkənin alüminium sənayesinin yerli xammal əsasında inkişaf etdirilməsi ilə bağlı tədqiqatların aparıldığını və alüminumun hazırlanmasında istifadə olunan gil-torpağın alınmasının istehsal prosesini özündə əks etdirən prototipin yaradılması istiqamətində işlərin getdiyini söyləyib.

O, gənc alimlərin innovativ ideyalarını dəstəkləməyə hazır olduqlarını bildirib, onları mütəmadi əməkdaşlığa dəvət edib.

Daha sonra YT Parkın Patent, sertifikatlaşdırma, marketinq və biznes inkubasiya şöbəsinin müdir müavini Vüsal Süleymanlı təmsil etdiyi qurumun fəaliyyət prosesi barədə təqdimatla çıxış edib, AMEA-nın elmi müəssisə və təşkilatları tərəfindən rəsmiləşdirilmiş ixtiraların patent bankının yaradıldığını vurğulayıb.

Görüşdə, həmçinin E.Bayramov və M.Bağırzadə çıxış edərək gənclərlə görüşdən məmnun olduqlarını bildirib, onları əməkdaşlığa çağırıblar.

Sonda AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov YT Parkın rəhbərliyinə gənclər üçün yaratdığı şəraitə görə təşəkkürünü bildirib.

www.science.gov.az