sa sa 1987
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası 2018-ci ildə bir sıra mühüm layihələr həyata keçirib + Foto Fev 22, 2019 | 19:00 / Konfranslar, iclaslar

Fevralın 22-də Mərkəzi Elmi Kitabxanada AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) 2018-ci ilin yekunlarına həsr olunan ənənəvi hesabat yığıncağı keçirilib.

Tədbirdə AR Gənclər və idman nazirinin müavini İntiqam Babayev, AMEA-nın vitse-prezidentləri, akademiklər - İsa HəbibbəyliDilqəm Tağıyevİradə Hüseynova, AMEA-nın akademik-katibi, akademik Rasim ƏliquliyevKimya Elmləri Bölməsinin akademik-katibi v.i.e., akademik Vaqif FərzəliyevYer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, həmçinin respublikanın gənclər təşkilatlarının nümayəndələri və akademiyanın gənc alimləri iştirak ediblər.

İclasda hesabat məruzəsi ilə çıxış edən GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov bildirib ki, şura tərəfindən akademiya rəhbərliyinin müəyyən etdiyi strategiyaya və illik fəaliyyət planına uyğun olaraq müəyyən işlər davam etdirilib, eyni zamanda bir sıra yeni layihələr həyata keçirilib.

F.Salmanov hesabat ilində gənclərin molekulyar biologiya, kimya, fizika-texnika, yer elmləri və digər sahələrdə beynəlxalq səviyyəli müştərək tədqiqatlara qoşularaq mühüm nəticələrə imza atdıqlarını söyləyib, həmin nəticələrin “Web of  sciences” bazasında referatlaşdırılmış impakt faktoru yüksək jurnallarda dərc edildiyini vurğulayıb.

Onun sözlərinə görə, 2018-ci ildə tələbələrin innovasiya fəaliyyətinin genişləndirilməsi və multidissiplinar innovativ layihələrin hazırlanması üçün ali təhsil müəssisələri ilə əməkdaşlığa önəm verilib, Azərbaycan Texniki Universitetində “Elmin sürət qatarı” layihəsinin təqdimatı keçirilib.

GAMŞ-ın elmlə təhsilin vəhdətinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini genişləndirməkdə olduğunu deyən F.Salmanov “Sabahın alimləri” VII respublika müsabiqəsi çərçivəsində istedadlı məktəblilərin layihələrinin hazırlanmasında gənc mütəxəssislərin böyük rolundan danışıb.

O, akademiya institutlarının həyata keçirdiyi elmi tədqiqatların və əldə olunan nailiyətlərin geniş ictimayyətə çatdırılmasında, eyni zamanda istedadlı şagirdlərdə elmə marağın formalaşdırılmasında əsas vasitələrdən biri olan “Açıq qapı” günləri layihəsinin hesabat ili ərzində də inamla davam etdirildiyini söyləyib. Bundan əlavə, 2018-ci ildə “İlin gənc alimi”, “İlin tədqiqat layihəsi”, “Ən yaxşı elmi məruzə” və digər müsabiqələrin keçirildiyini xatırladıb.

F.Salmanov, həmçinin şuranın həyata keçirdiyi ictimai tədbirlər, beynəlxalq əməkdaşlıq əlaqələri, gənclərin mükafatlandırılması və s. tədbirlər haqqında məlumat verib.

Hesabat dinlənildikdən sonra müzakirələr aparılıb. Məruzə ətrafında İntiqam Babayev, akademiklər - İsa Həbibbəyli, Dilqəm Tağıyev, 2019-cu il elm sahəsi üzrə Gənclər üçün Prezident Mükafatına layiq görülən Genetik Ehtiyatlar İnstitutunun laboratoriya müdiri, tibb üzrə fəlsəfə doktoru Allahverdi Şahverənov, İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi Günay İsgəndərli, Qafqazşünaslıq İnstitutunun şöbə müdiri Elnur Kəlbizadə və digərləri çıxış edərək şuranın hesabatını yüksək qiymətləndirib, ölkəmizdə aparılan gənclər siyasətindən danışıblar.

Daha sonra İnformasiya Texnologiyaları İnstitutunun GAMŞ sədri Nərmin Adıgözəlova şuranın 2018-ci üzrə qərar layihəsini təqdim edib.

Sonda hesabat yekdilliklə qəbul olunub.

www.science.gov.az