sa sa 2255
“Gənc Bioloqların Qış Məktəbi – 2019” + Foto Fev 27, 2019 | 16:48 / Konfranslar, iclaslar

2019-cu il Fevralın 27-də AMEA Biologiya və Tibb Elmləri Bölməsi və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə “Gənc Bioloqların Qış Məktəbi – 2019” fəaliyyətə başladı. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda keçirilən tədbirdə  AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, Bölmənin Elmi Katibi, aqrar elmləri üzrə fəlsəfə doktoru Afiq Məmmədov, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov, Biologiya və tibb elmləri bölməsinə aid olan institutların direktorları, magistrant və doktorantlar, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan akademik Əhliman Əmiraslanov AMEA-nın prezidenti akademik Akif Əlizadənin gənclərin elmə cəlb edilməsinə böyük qayğı ilə yanaşdığını qeyd etdi. Bu yöndə tədbirlərin keçirilməsi məhz gənclərin elmə cəlb olunmasına, onlarda elmi diskussiya mədəniyyətinin formalaşmasına xidmət edir. Hal-hazırda molekulyar biologiya və biotexnologiyaların nailiyyətləri bir çox elm sahələrinə sirayət edir və təcrübəyə tətbiq olunur. Azərbaycanda bu məktəbin yaradıcısı akademik Cəlal Əliyev olub. Məhz Cəlal Əliyevin yaratdığı şöbənin əsasında institut yaranmış və bu institutda çox təcrübəli mütəxəssislər fəaliyyət göstərir. Ə. Əmiraslanov akademik Akif Əlizadənin salamını gənclərə çatdıraraq qış məktəbini açıq elan etdi və hamıya uğurlar arzuladı.

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova iştirakçıları salamlayaraq onlara dərin minnətdarlığını bildirdi. Gənclik hər bir millət üçün təməl daşıdır. Xalqın gələcəyi yüksək intellektual gənclərin olmasından asılıdır. Biz gəncləri dəstək olaraq Azərbaycan elmi üçün təməl yaradırıq. Bu gün prezident İlham Əliyev tərəfindən həyata keçirilən gənclər siyasəti nəticəsində gənclərimiz elm, mədəniyyət və idmanda böyük nailiyyətlər qazanır. Akademiyada magistr təhsilinin həyata keçirilməsi, xarici ölkələrə doktorantların göndərilməsi, müxtəlif müsabiqələrin keçirilməsi bu nailiyyətlər üçün zəmin yaradır. Çıxışının sonunda İ. Hüseynova bu qış məktəbində iştirak edən gənclərin içərisindən böyük alimlərin çıxacağına əmin olduğunu bildirib.

AMEA-nın Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd  Salmanov bu gün elmlə məşğul olan gənclərə böyük diqqət yetirildiyini qeyd edib. Elm bütün dövrlərdə ölkənin inkişafında əsas rola malik olub və gənclər daima aparıcı qüvvə olub. Biz-yaşlı nəsil də həmişə gənclərə kömək etməyə hazırıq.

Botanika İnstitutunun direktoru, akademik Validə Əli-zadə elmlə məşğul olmağın xoşbəxtlik olduğunu bildirərək, gənclərə  öz tövsiyyələrini vermiş və gələcək elmi fəaliyyətlərində uğurlar arzulamışdır. 

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov bugünkü qış məktəbinin şuranın ikinci layihəsi olduğunu vurğulamışdır. Bundan əvvəl kimyaçıların yay məktəbi keçirilmiş və akademiyanın rəhbərliyi tərəfindən çox yüksək qiymətləndirilmişdi. Bu il isə BTEB xüsusi fəallığıyla seçilir. Belə ki, bu bölmənin institutlarında çalışan 1 gənc prezident mükafatına, 2 gənc Gənclər və İdman Nazirliyinin mükafatına və 2 gənc AMEA-nın fəxri fərmanına layiq görülmüşdür. Famin Salmanov belə bir tədbirin baş tutması münasibətilə akademiyanın, BTEB-in və həmçinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun  rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Daha sonra qış məktəbində məruzələrə start verilmişdir. İlk olaraq AMEA-nın vitse prezidenti, akademik İradə Hüseynova “Molekulyar biologiyadan müasir kənd təsərrüfatına və tibbə doğru: problemlərə yeni baxış” mövzusunda ustad dərsi keçmişdir. İ. Hüseynova molekulyar biologiya elminin yaranması tarixi haqqında geniş məlumat verərək bu elmin qarşısında duran əsas vəzifələri vurğulamışdır. O qeyd etmişdir ki, molekulyar biologiya elminin inkişafı kənd təsərrüfatı, energetika və tibbdə olan problemlərin həllinə təkan verir. Bundan əlavə akademik müasir biotexnologiyanın əsas istiqamətləri haqda iştirakçılara məlumat vermişdir.

Sonra qış məktəbi gənc alim və mütəxəssislərin çıxışları ilə davam etmişdir. AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisi, b.ü.f.d., dosent Samirə Rüstəmova “Epigenetika – həyatımızın ikinci kodu” mövzusunda, elmi işçi Rəfiqə Məsməliyeva “Biologiya -  fizika, riyaziyyat və kompüter elmləri ilə görüşəndə” mövzusunda, kiçik elmi işçi Gülnar Abdullayeva “DNT-polimeraza fermentləri, genomun qeyri-stabilliyi və kanser” mövzusunda, AMEA Botanika İnstitutunun, elmi işçisi Şəhla Mirzəyeva “Abşeron yarımadasının bitki örtüyü və onun müasir problemləri” mövzusunda çıxış etmişdir.

27 fevral-1 mart tarixlərində davam etməsi nəzərdə tutulan qış məktəbinin ilk günü uğurla başa çatdı.