sa sa 2036
“Gənc Bioloqların Qış Məktəbi – 2019” öz fəaliyyətini başa vurdu + Foto Mart 01, 2019 | 17:18 / Konfranslar, iclaslar

Fevralın 27-si AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda fəaliyyətə başlayan “Gənc Bioloqların Qış Məktəbi – 2019” fevralın 28-i AMEA Dendrologiya İnstitutunda davam etmişdir. Elmi məruzələr dinlədikdən sonra gənclər Mərdəkan Dendrarisi ilə tanış olmuş və “AMEA-da gənclər siyasəti və nailiyyətləri 2013-2019-cu illər” mövzusunda elmi disputda iştirak etmişlər. Martın 1-də Qış məktəbi AMEA Yüksək Texnologiyalar Parkında davam etmişdir. Elmi məruzələr dinlənildikdən sonra Yüksək Texnologiyalar Parkına ekskursiya və elmi disput keçirilmişdir. Üç gün davam edən Qış məktəbinin bağlanışı və nəticələrinin müzakirəsi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda baş tutmuşdur.

Bağlanış mərasimində Bölmənin Elmi Katibi, aqrar elmləri üzrə fəlsəfə doktoru Afiq Məmmədov, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov, Botanika institutunun direktoru akademik Validə Əli-zadə, Fiziologiya İnstitutunun direktoru, b.e.d. Həşimova Ulduz, Torpaqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev iştirak etmişlər.

Tədbiri Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademiyanın vitse-prezidenti İradə Hüseynova açaraq qış məktəbinin işini uğurla başa vurduğunu bildirdi. İ.Hüseynova akademik Cəlal Əliyevin “Əsl alim elimdən zövq almağı bacarmalıdır” kəlamını  gənclərə xatırlatdı və onlara elmin çətin yollarında müvəffəqiyyətlər arzuladı.

Daha sonra digər institut rəhbərləri gənclərə öz arzu və tövsiyyələrini bildirdilər və tədbir iştirakçılarına sertifikatlar təqdim olundu. Qış məktəbində dinlənilən səkkiz məruzəçidən üçü fəqləndirilərək diplomla təltif olundu. Birinci yerə Molekulyar Biologiya və Biotexnologiyalar institutunun kiçik elmi işçisi Gülnar Abdullayeva, ikinci yerə Mikrobiologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aytən Şahbazova və üçüncü yerə Dendrologiya İnstitutunun elmi işçisi Güllü Əliyeva layiq görüldü.

Tədbirin sonunda İradə Hüseynova  bildirdi ki, bu Qış Məktəbi 27 Mart “Elm günü” münasibətilə keçiriləcək tədbirlər silsiləsinin başlanğıcıdır. O belə tədbirlərin davamlı olacağına inamını bildirdi.