sa sa 2270
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutun qadınlar təşkilatı və AMEA Qadınlar Şurasının 8 mart Beynəlxalq qadınlar gününə həsr olunmuş birgə tədbiri keçirilmişdir + Foto Mart 06, 2019 | 12:07 / Mühüm hadisələr

5 mart 2019-cu il tarixində AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Qadınlar Təşkilatı və AMEA Qadınlar Şurasının 8 mart Beynəlxalq qadınlar gününə həsr olunmuş birgə tədbiri keçirilmişdir. Tədbirdə AMEA İnstitutlarının qadınlar təşkilatı sədrləri və institutun əməkdaşları iştirak etmişlər. Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva tədbirin qonağı olmuşdur.

Tədbiri giriş sözü ilə AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademiyanın vitse-prezidenti İradə Hüseynova açaraq, qonaqları salamladı və qarşıdan gələn bayram münasibətilə onları təbrik etdi. İ. Hüseynova öncə Akademiyanın prezidenti Akif Əli-zadəyə elmə və təhsilə göstərdiyi diqqətə görə təşəkkürünü bildirdi. Sonra o,  Azərbaycan qadının bəşəriyyətə çox böyük alimlər bəxş etdiyini bildirərək, Ulu Öndər Heydər Əliyevin də bu bayrama xüsusi qiymət verdiyini qeyd etdi. 

Sonra AMEA Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə İradə xanıma təşəkkürünü bildirərək, gələcək bayramların işğaldan azad edilən torpaqlarımızda keçirilməsi arzusu ilə iclas iştirakçılarını təbrik etdi.

Tədbir Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın çıxışı ilə davam etdi. Qənirə Paşayeva qadınların cəmiyyətdə olan stereotipləri qıraraq, elmin hər sahəsində öz potensialını, gücünü optimallaşdırmanın zəruri olduğunu vurğuladı və İradə xanımın bir ziyalı kimi gənclərə nümunə olduğunu bildirdi. O, Atatürkün “Ən böyük mürşid elmdir” sözlərini xatırladaraq, qeyd etdi ki, hər bir millətin inkişafı təhsildən keçir. Dünyada elm, bilik dövlətin əsas prioritetləridir. Qənirə xanım fikirlərini Hacı Zeynəlabdin Tağıyevin “Bir kişini oxudarsan bir insan qazanarsan, bir qadını oxudarsan cəmiyyət yaradarsan” sözləri ilə davam etdi. Sonda Q. Paşayeva işğal olunmuş torpaqlarda akademiyanın yeni bir şöbəsinin açılması arzusu ilə çıxışını bitirdi.

Daha sonra AMEA Mənəviyyat və Elm Mərkəzinin rəhbəri Ağayeva Ziba, Molekulyar Biologiya və Biotexnologiyalar institutunun Xloroplastların Fotokimyası laboratoriyasının müdiri, akademiyanın müxbir üzvü İbrahim Əzizov, institutun elmi işlər üzrə direktor müavini Ələmdar Məmmədov qadınları təbrik edərək onlara xoş arzularını bildirdilər.

Tədbirdə, həmçinin, Nizami adına Ədəbiyyat İnstitutunun qadınlar təşkilatı adından Aynur Xəlilova, Fəlsəfə institutunun doktorantı Hafizə Imanova, MBBİ-nin kiçik elmi işçisi Gülnar Abdullayeva çıxış edərək öz fikirlərini tədbir iştirakçıları ilə bölüşdülər.

 Sonda tədbir 8 mart bayramına həsr olunmuş şənliklə davam etdi.