sa sa 215
AMEA-nın prezidenti akademik Akif Əlizadə “Elm günü”nə həsr edilmiş sərgini ziyarət edib + Foto Mart 29, 2019 | 18:00 / Mühüm hadisələr

“Elm günü”nə həsr edilmiş tədbirlər çərçivəsində AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşlarının elmi əsərlərindən ibarət təşkil etdiyi sərgi AMEA-nın Mərkəzi Elmi Kitabxanasında 28-29 mart 2019-cu il tarixlərində öz işini davam etdirib. Martın 29-da AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidentləri, akademik İsa Həbibbəyli, akademik Dilqəm Tağıyev, AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov sərgini ziyarət ediblər. Onlar Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradıcısı akademik Cəlal Əliyevin zəngin elmi irsini əks etdirən əsərləri, həmçinin institut əməkdaşlarının nüfuzlu elmi jurnallarda çap olunmuş məqalələri, monoqrafiyaları və kitabları ilə tanış olublar. AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova görkəmli alim akademik Cəlal Əliyevin elmi irsi və onun yaratdığı böyük məktəbin dünya elminə verdiyi böyük töhfələr haqqında məlumat verib. Yeni yaranmasına baxmayaraq qısa müddət ərzində böyük nailiyyətlər əldə edən  institut əməkdaşlarının elmi fəaliyyətini yüksək qiymətləndirən akademik Akif Əlizadə sərgidə nümayiş etdirilən əsərlərin molekulyar biologiya, molekulyar fitopatologiya, bioinformatika və bionanotexnologiya sahəsində sürətli inkişafın nəticəsi olduğunu qeyd edib. Akademiyanın prezidentı institutun gənc əməkdaşları ilə səmimi söhbət edib.