sa sa 2179
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər + Foto Apr 05, 2019 | 15:44 / Konfranslar, iclaslar

4-5 aprel tarixlərində Xəzər Universitetində “Hava, Torpaq və Su” adlı beynəlxalq konfrans keçirildi. Konfrans Xəzər Universitetinin, İstanbul Aydın Universitetinin, İstanbul Texniki Universitetinin, Çin Elmlər Akademiyasının və Avrasiya Universitetləri Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir. Konfransı Xəzər Universitetinin rektoru, fəlsəfə doktoru  İradə Xəlilova giriş sözü ilə açıb konfrans iştirakçılarını məlumatlandıraraq sözü həmsədr olan Rövşən Abbasova verdi.  R.Abbasov BMT-nin məlumatına görə son 30 ildə havanın çirklənməsində  ölənlərin sayının artmasını qeyd etdi. İqlim dəyişkənliyinin son dövrlər  ərzində ciddi fəsadlara gətirib çıxardığını bildirdi. Ağır metallarla suların çirklənməsi, zavodlardan çıxan tüstülərin havaya zərər verməsinin və s. ekoloji problemlərin erkən ölümlərə gətirib çıxardığını qeyd etdi. Daha sonra universitetin yaradıcısı, professor Hamlet İsfahanlı ilk qəzet nəşr etdirən Həsən bəy Zərdabinin “Həyat” qəzetində “Torpaq, hava və su” adlı məqaləsində fundamental məsələləri araşdırdığını və hələ o dövrlərdən belə bu mövzunun aktual olduğunu bildirdi.

Konfransda Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun geniş heyəti iştirak etdi. Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d Ulduzə Qurbanova , Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Nərgiz Sultanova, elmi işçilər Lalə Aydınlı, Turanə İsgəndərova , kiçik elmi işçilər Gülnar Abdullayeva, Səidə Zülfüqarova öz ətraflı təqdimatları ilə çıxış etdilər. İnstitutu təmsil edən gənc tədqiqatçıların çıxışları konfrans iştirakçıları tərəfindən maraqla qarşılandı və mövzular ətrafında geniş müzakirələr aparıldı. Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim edildi.