sa sa 2137
AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun akademiyanın magistrantları ilə görüşü keçirilib + Foto Apr 22, 2019 | 10:29 / Mühüm hadisələr

Aprelin 19-da Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun akademiyanın magistrantları ilə görüşü keçirilib.

AMEA-nın Əsas binasında baş tutan görüşdə, həmçinin idarənin rəis müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn HüseynovMagistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev və digər aidiyyatı əməkdaşlar iştirak ediblər.

Tədbirdə çıxış edən Ə.Sadıqov ölkəmizdə elmin və təhsilin inkişafına göstərilən diqqət və qayğıdan, o cümlədən akademiyada bu istiqamətdə əldə edilən uğurlardan danışıb. O, Prezident İlham Əliyevin 14 fevral 2019-cu il tarixli Sərəncamı ilə bütün təhsil səviyyələrində təhsil alan tələbələrin təqaüdlərinin artırılmasını yüksək qiymətləndirib.

AMEA-da 2018/2019-cu tədris ilinin qış imtahan sessiyasının nəticələrini təhlil edən alim cari sessiyada akademiyanın 81 magistrantının əlaçı təqaüdünə layiq görüldüyünü söyləyib, həmçinin qarşıdan gələn yay imtahan sessiyasında magistrantlara tədris prosesinə daha məsuliyyətlə yanaşmalarını tövsiyə edib. Ə.Sadıqov qeyd edib ki, tədris planında nəzərdə tutulmuş fənləri tam mənimsəyən və müvəffəq qiymət alan II kurs magistrantlar bu il magistrlik dissertasiyasının müdafiəsinə buraxılacaqlar və onların elmi işi İxtisaslaşdırılmış şuralar tərəfindən obyektiv qiymətləndiriləcək.

AMEA prezidentinin 31 yanvar 2019-cu il tarixli sərəncamına əsasən akademiyanın magistraturasında təhsil alan tələbələr arasında keçirilən “Magistr-2019” müsabiqəsində mükafata layiq görülmüş gəncləri təbrik edən Ə.Sadıqov elmi müsabiqələrin təhsildə əhəmiyyətindən söz açıb, bu istiqamətdə işlərin daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

Gənc alimlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən də danışan natiq AMEA-da təhsil alan doktorant və magistrantların yataqxana ilə təmin olunduğunu qeyd edib. Bundan əlavə, tədrisdə və tədqiqatda fərqlənən tələbələrə AMEA prezidentinin xüsusi təqaüdünün təsis edilməsinin gənc tədqiqatçıların elmə olan həvəsinin daha da artmasına təkan verəcəyini vurğulayıb.

Sonra Fikrət Feyziyev "Magistrantların dissertasiya işinin quruluşu və tərtibi" mövzusunda təqdimatla çıxış edib. Qiymətləndirmənin iki mərhələdə aparılacağını deyən F.Feyziyev dissertasiya işinin yazılma qaydasının texniki xüsusiyyətlərini açıqlayıb, seçilən mövzuların yeni, aktual və tətbiqi əhəmiyyətinin nəzərə alınacağını bildirib.

Daha sonra magistrantların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

www.science.gov.az