sa sa 313
AMEA-nın illik Ümumi yığıncağı keçirilib + Foto May 01, 2019 | 18:00 / Konfranslar, iclaslar

Mayın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının illik Ümumi yığıncağı keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, müxtəlif dövlət qurumlarının və ali təhsil müəssisələrinin rəhbərləri, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatlarının direktorları, KİV nümayəndələri iştirak ediblər.

İlk olaraq tədbir iştirakçıları AMEA-nın elmi nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar. Sərgidə akademiyanın institut və təşkilatları, regional bölmə və elmi mərkəzləri, eləcə də Rəyasət Heyəti üçün ayrılmış guşələrdə Azərbaycan, rus və ingilis dillərində müxtəlif nəşrlər və istehsal olunan yeni məhsullar nümayiş etdirilib.

Sonra Ümumi yığıncaq öz işinə başlayıb. Öncə Azərbaycan elminin inkişafında xüsusi xidmətləri olan dünyasını dəyişmiş görkəmli alimlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.

AMEA-nın 2018-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair məruzə ilə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə dövlət siyasətinin mühüm strateji hədəflərinə uyğun olaraq, 2018-ci ildə respublikamızda elm və təhsilin inkişafı istiqamətində görülən mühüm tədbirlər və əldə edilən uğurlar haqqında məlumat verib: “Ötən il AMEA tərəfindən elmi-texniki potensialın inkişaf etdirilməsi, multidisiplinar tədqiqatların aparılması, beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, elm, təhsil və iqtisadiyyat arasında əlaqələrin gücləndirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, elmi tədqiqat fəaliyyətinin əlaqə­lən­dirilməsi, elmi potensialın ölkənin sosial-iqtisadi problemlərinin həllinə yönəldilməsi və digər istiqamətlərdə mühüm işlər görülüb”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə Elm Gününün təsis edilməsi Sərəncamını xatırladan akademik vurğulayıb ki, bu, ölkə başçısının elmimizə diqqət və qayğısının daha bir göstəricisidir. Akif Əlizadə 2018-ci ildə AMEA-nın elmi müəssisələrinin 20-yə yaxın dövlət proqramının və digər dövlət tapşırıqlarının icrasında yaxından iştirak etdiyini, dövlətin elm siyasətinin reallaşması üzrə mühüm elmi tədqiqat işləri və layihələr həyata keçirdiklərini diqqətə çatdırıb.

Elmlə təhsilin vəhdətindən danışan AMEA rəhbəri bildirib ki, kadr hazırlığı sisteminin müasir standartlara uyğun təkmilləşdirilməsi, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqi məqsədilə hesabat ilində mühüm tədbirlər həyata keçirilib. Vurğulayıb ki, 2018/2019-cu tədris ili üçün AMEA-nın magistraturasına 19 ixtisas, 48 ixtisaslaşma üzrə 67 nəfər yüksək balla qəbul olunub.

Akademik innovativ fəaliyyət sahəsində görülən işlər haqqında da məlumat verib. Hesabat ilində AMEA Yüksək Texnologiyalar Parkında (YTP) innovasiya mәhsullarının və yüksək texnologiyaların, həmçinin strateji əhəmiyyətli məhsulların hazırlanması, işlənilməsi, təkmilləşdirilməsi məqsədilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi istiqamətində mühüm nəticələr əldə edildiyini, 2018-ci ildə YTP-nin rezidentlərinin sayının 11-ə çatdığını deyib.

Beynəlxalq elmi əlaqələrdən danışan akademik Akif Əlizadə ötən il bir sıra xarici ölkələrin elmi müəssisələri ilə əməkdaşlığa dair imzalanan müqavilələrin əhəmiyyətindən bəhs edib.

Akademik ötən il AMEA-nın əsas fəaliyyət istiqamətlərindən olan sosial sahədə də həyata keçirilən tədbirlərə toxunub. Akademiya əməkdaşlarının sosial-iqtisadi hüquqlarının qorunması, iş və yaşayış şəraitinin yaxşılaşdırılması, əmək haqlarının artırılması, onların istirahətinin və sağlamlıqlarının təmin olunması, mənzil məsələlərinin həlli istiqamətində bir sıra işlərin görüldüyünü diqqətə çatdırıb.

Məruzədən sonra AMEA-nın akademik-katibi, akademik Rasim ƏliquliyevAMEA Rəyasət Heyətinin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair sualları cavablandırıb.

Yığıncaqda, həmçinin İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri, akademik Asəf Hacıyev çıxış edib.

Tədbirdə Ümumi yığıncağın qərar layihəsi müzakirə olunub. AMEA Rəyasət Heyətinin 2018-ci ildəki fəaliyyəti qənaətbəxş hesab olunaraq hesabat təsdiq edilib. Qərara əsasən, AMEA-nın Rəyasət Heyətinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elmin inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrasını davam etdirilməsi, dövlətin elmi-texniki siyasətinin işlənib hazırlanmasında və həyata keçirilməsində AMEA-nın iştirakının daha da gücləndirilməsi tapşırılıb. Həmçinin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri"nin və digər dövlət proqramlarının həyata keçirilməsi ilə bağlı müvafiq qurumlarla əməkdaşlıq və elmi tədqiqat işlərinin gücləndirilməsi, Ümummilli lider Heydər Əliyevin respublikamızda hakimiyyətə gəlməsinin 50 illik yubileyi ilə əlaqədar onun ölkəmizin siyasi, ictimai və mədəni həyatında oynadığı tarixi rolunun elmi əsaslarla araşdırılmasının davam etdirilməsi və “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” dövlət başçısnın Sərəncamı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarının icrası istiqamətlərində tapşırıqlar verilib. Qərarda nüvə fizikası, nanotexnologiyalar və nanostrukturlar, informasiya texnologiyaları, tətbiqi riyaziyyat və riyazi modelləşdirmə, süni intellekt sistemləri və mexatronika, astrofizika, kimya texnologiyası və materialşünaslığın nəzəri problemləri, neft kimyası və üzvi sintez, böyük dərinlik neftləri, geodinamika və seysmologiya, qlobal dəyişikliklər və iqlim, molekulyar biologiya, gen mühəndisliyi, əhalinin sağlamlığı və biotibb üzrə fundamental və tətbiqi tədqiqatlara prioritet elmi istiqamətlər kimi üstünlük verilməsi əks olunub. Bundan başqa, Azərbaycan tarixi, ədəbiyyatı, dili, incəsənəti və folklorunun regional və qlobal problemləri, sosial və etnik proseslər, qlobal iqtisadi, siyasi, hüquqi faktorların ölkəmizə potensial təsiri ilə bağlı tədqiqatların davam etdirilməsi tapşırılıb. Həmçinin AMEA-da əldə olunan mühüm elmi nəticələrin nüfuzlu elmi bazalara inteqrasiyasının daha da sürətləndirilməsi, akademiyada nəşr olunan jurnalların bu bazaların tələblərinə uyğunlaşdırılması üçün zəruri tədbirlərin davam etdirilməsi, AMEA-da magistratura təhsilinin daha da inkişafı, AMEA-nın Yüksək Texnologiyalar Parkının yerli və beynəlxalq elmi-texnoloji şirkətlərlə və biznes strukturları ilə əməkdaşlığının genişləndirilməsi, əməkdaşların sosial problemlərinin həlli və digər istiqamətlərdə tapşırıqlar verilib.

Fasilədən sonra BMT-nin Baş Assambleyası tərəfindən 2019-cu ilin "Beynəlxalq Kimyəvi Elementlərin Dövri Cədvəli İli" elan olunması ilə əlaqədar D.İ.Mendeleyevin "Kimyəvi Elementlərin Dövrü Qanunu"nun kəşfinin 150 illiyinə həsr olunan elmi sessiya işinə başlayıb. AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev "Kimyəvi elementlərin Dövri sistemi təbiətin fundamental qanunlarından biridir" mövzusunda məruzə ilə çıxış edib. O, Azərbaycanda qeyri-üzvi funksional materialların, yarımkeçiricilərin və topoloji izolyatorların məqsədli sintezi sahəsində axtarışlarda Dövri cədvəlin mühüm rolundan bəhs edib, AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda son illərdə bu istiqamətdə əldə edilmiş elmi nəticələr haqqında məlumat verib.

Elmi sessiyada Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribov, Bakı Dövlət Universitetinin kimya fakültəsinin dekanı, professor Əbdülsəid Əzizov və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya və qeyri-üzvi maddələrin texnologiyası kafedrasının müdiri, kimya elmləri doktoru Yunis Qəhrəmanov çıxış ediblər.

Daha sonra akademik Akif Əlizadə yekun nitqi ilə çıxış edib. AMEA rəhbəri doktorantura təhsilinin Avropa təhsil sisteminə inteqrasiyasını təmin etmək məqsədilə Avropa İttifaqının Erasmus+ proqramının "Nizami" layihəsi çərçivəsində müvafiq tədbirlərin davam etdirilməsinin, gənc alimlərin təcrübə keçmək və təhsil almaq məqsədilə dünyanın nüfuzlu elmi mərkəzlərinə və ali təhsil müəssisələrinə göndərilməsi istiqamətində fəaliyyətin daha da gücləndirilməsinin vacib olduğunu nəzərə çatdırıb. Həmçinin multidissiplinar tədqiqatların gücləndirilməsi istiqamətində riyaziyyat və informatikanın elmin müxtəlif sahələrinə tətbiqinə xüsusi diqqət ayrılmalı, alimlərimiz dövlət siyasətinin mühüm prioritetlərindən birini təşkil edən qeyri-neft sektorunun inkişafına öz töhfələrini verməlidirlər.

Sonda akademik Akif Əlizadə Azərbaycan alimlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

www.science.gov.az