sa sa 1987
AMEA-da “Heydər Əliyev: zaman və müasirlik” mövzusunda elmi sessiya keçirilib + Foto May 10, 2019 | 10:01 / Konfranslar, iclaslar

Mayın 8-də AMEA Rəyasət Heyətində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan “Heydər Əliyev: zaman və müasirlik” mövzusunda elmi sessiya keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə hər il ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində respublikamızın müxtəlif qurumlarında, ölkə hüdudlarından kənarda, eləcə də AMEA-da  silsilə tədbirlərin keçirildiyini söyləyib. Bildirib ki, ömrünü dövlətinin, xalqının rifahına həsr edən ulu öndərin adı Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb.

Akademik Akif Əlizadə dahi rəhbərin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən, ulu öndərin elmi, siyasi, iqtisadi və mədəni quruculuq sahəsində, o cümlədən AMEA-nın bugünkü fəaliyyətində böyük rolundan danışıb. Alimin sözlərinə görə, dünya şöhrətli siyasətçi Heydər Əliyevin müdrik siyasəti və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının, həmçinin müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusunun gerçəkləşməsinə nail olunub.

AMEA rəhbəri diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizdə elmin, o cümlədən AMEA-nın inkişafına böyük diqqət və qayğı ilə yanaşıb. Ulu öndərin ikinci dəfə hakimiyyətə gəlişindən sonra akademiyanın bağlanmaq təhlükəsi aradan qalxıb və Azərbaycan elminin yeni inkişaf mərhələsi başlanıb.

Akademik A.Əlizadə ümummilli lider Heydər Əliyevin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ideyalarının Azərbaycanın gələcək inkişafının qarantı olduğunu vurğulayıb.

Daha sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Azərbaycan HeydərƏliyevşünaslıq: nailiyyətlər və vəzifələr” adlı məruzə ilə çıxış edib. Alim Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin dünya miqyaslı böyük siyasətçi, mənsub olduğu xalqın xilaskarı və qüdrətli rəhbəri kimi böyük şöhrət qazandığını bildirib. O, Heydər Əliyevin dünya liderləri səviyyəsində qiymətləndirilən görkəmli dövlət xadimi olduğunu deyib. Qeyd edib ki, elmi-siyasi ədəbiyyatda ulu öndər Heydər Əliyevin adı dünyanın ən görkəmli tarixi şəxsiyyətləri: Corc Vaşinqton, Mustafa Kamal Atatürk, Şarl de Qol, Vinston Çörçill və Mao Tszedunla yanaşı çəkilmiş, oxşar və fərqli cəhətləri göstərilməklə dəyərləndirilmişdir.

İ.Həbibbəyli son yarım əsrdə görkəmli dövlət xadimi Heydər Əliyev haqqında ərsəyə gələn çoxsaylı kitablarda və məqalələrdəki baxışların HeydərƏliyevşünaslıq elmi istiqamətini formalaşdırdığını qeyd edib. Bildirib ki, HeydərƏliyevşünaslıq – böyük siyasət haqqında elmin üzvi tərkib hissəsi olub, siyasi-tarixi xarakter daşıyan nəzəri təlimdir, Azərbaycanşünaslığın əsas aparıcı və hərəkətverici qüvvəsi olan sistemli bir nəzəriyyədir. Bu elmi istiqamət həm də daim inkişafda olan, böyük gələcəyə işıq salan əbədiyaşar novator dövlətçilik təlimidir.

“Azərbaycan HeydərƏliyevşünaslığı – ölkə elminin baş istiqamətini müəyyən edən tarixi-siyasi, nəzəri və təcrübi xarakterli elmi təlimdir” – deyən akademik son yarım əsrin humanitar və ictimai elmlərinin əsas istiqamətinin azərbaycançılıqdan, mahiyyətinin isə HeydərƏliyevçilikdən ibarət olduğunu diqqətə çatdırıb.

İ.Həbibbəyli qeyd edib ki, Azərbaycan HeydərƏliyevşünaslığında ən geniş yer tutan mövzu ölkəmizin inkişafında Heydər Əliyev epoxasına həsr olunmuş araşdırmalardan ibarətdir. Bu mövzuda yazılmış tədqiqatlarda Heydər Əliyev epoxasının Sovet Azərbaycanı və Sovetlər İttifaqı mərhələsi, keçid dövrü və dövlət müstəqilliyi illəri həm ayrı-ayrılıqda, həm də ümumiləşdirilmiş şəkildə təsvir və təhlil edilmişdir. Akademik Yaqub Mahmudov, akademik İsmayıl Hacıyev və professor Zahid Qaralovun tədqiqatlarında Heydər Əliyev epoxasının inkişaf dialektikası ən səciyyəvi detalları, hadisələri və faktları ilə təhlil edilib dəyərləndirilmişdir. Yaqub Mahmudovun “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti” monoqrafiyasında ulu öndərin çoxcəhətli dövlətçilik fəaliyyəti tarixi aspektdə təhlil edilmiş və onun müstəqillik illərindəki xidmətlərinə elmi qiymət verilmişdir.

Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyətinə həsr edilmiş əsərlər sırasında Viktor Andrianovla Hüseynbala Mirələmovun birlikdə yazıb Moskvada “Molodaya qvardiya” nəşriyyatında “Görkəmli adamların həyatı” seriyasından nəşr etdirdikləri “Heydər Əliyev” kitabı da xüsusi yer tutur. Bu, Heydər Əliyevin tərcümeyi-halına, həyatı və fəaliyyətinin bütün inkişaf mərhələlərinə və mübarizəsinə həsr edilmiş ilk sənədli romandır.

İ.Həbibbəyli HeydərƏliyevşünaslıq elminin inkişafına dair bir sıra təkliflər də səsləndirib. Bildirib ki, “Heydər Əliyev ensiklopediyası”, “Heydər Əliyevin elmi tərcümeyi-halı”, “Heydər Əliyev və müstəqil Azərbaycan” kimi elmi nəşrləri çap edilməli, ən başlıcası isə yeni nəsil HeydərƏliyevşünas tədqiqatçılar yetişdirib hazırlamaq vəzifələrini həyata keçirməlidir.

AMEA-nın vitse-prezidenti Azərbaycan HeydərƏliyevşünaslığının ölkəmizdə və dünyada cəmiyyət həyatının ən müxtəlif inkişaf proseslərini görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi irsinin və böyük ideallarının işığında tədqiq edib araşdıran və ümumiləşdirilmiş şəkildə təqdim edən siyasi yönlü elmi məktəb kimi formalaşdığını vurğulayıb. O, HeydərƏliyevşünaslığın inkişaf mərhələləri və problemləri mövzusunun geniş və sanballı bir tədqiqat obyekti olduğunu deyib.

Sonra Milli Məclisin Regional İnkişaf Komitəsinin sədri Arif Rəhimzadə “Azərbaycanda regionların inkişafı: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, ümummilli liderin apardığı ardıcıl və məqsədyönlü siyasət nəticəsində bütün sahələrdə, xüsusilə iqtisadiyyat, sənaye və istehsalda yaranmış geriləmə proseslərinin qarşısı alınıb, Azərbaycanın bütün regoinlarında iqtisadi inkişafın yeni mərhələsinin təməli qoyulub. Məhz ümummilli liderin uzaqgörən siyasətinin nəticəsidir ki, Azərbaycan dünya ölkələri arasında öz layiqli mövqeyini hər zaman qoruyub saxlayır. Hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən bu müdrik siyasət və düzgün strategiya uğurla davam etdirilir, daha da möhkəmləndirilir.

A.Rəhimzadə ulu öndərin əsl siyasətçilərə xas olan şəxsi keyfiyyətlərindən də söz açıb. O, bütün dövrlərdə xalqımızın Heydər Əliyev fenomeninin iradəsi, cəsarəti və zəkasına inandığını, güvəndiyini qeyd edib. Bildirib ki, sərt təbiətli siyasətçi olan Heydər Əliyev eyni zamanda yüksək mədəniyyətə və ünsiyyət bacarığına malik idi. O, hər hansı bir dövlət əhəmiyyətli məsələni müzakirəyə çıxararkən müxtəlif baxışları öyrənir, məsul şəxlərə öz təkliflərini irəli sürmək üçün şərait yaradırdı.

Məruzəçi ulu öndərin demokratiyaya böyük əhəmiyyət verməsi ilə yanaşı, şəxsi məsuliyyətdən də heç zaman boyun qaçırmadığını, vacib qərarlar qəbul edərkən fikir və mülahizələrini dərindən əsaslandırdığını deyib: “Olduqca tələbkar insan olan ümumilli lider Heydər Əliyev intizamsızlığa qarşı sərt mübarizə aparır, öz təşəbbüskarlığı, idarəçilik qabiliyyəti və mütərəqqi ideyaları ilə bütün siyasətçilərə örnək olurdu”.

Tədbirdə, həmçinin Milli Məclisin deputatları Sevinc Fətəliyeva “Azərbaycan beynəlxalq münasibətlərdə: Heydər Əliyevdən İlham Əliyevə”, Sahibə Qafarova isə “Heydər Əliyev və gender siyasəti” mövzusunda məruzələrlə çıxış edərək, ulu öndərin müvafiq sahələrdə həyata keçirdiyi uğurlu siyasətdən və əldə olunan nailiyyətlərdən danışıblar.

www.science.gov.az