sa sa 76
Botanika İnstitutunda ixtiraçı alim Mayis Qasımovun 80 illik yubileyi qeyd olunub + Foto May 20, 2019 | 12:46 / Konfranslar, iclaslar

AMEA Botanika İnstitutunda görkəmli botanik, ixtiraçı alim, “Lenin mükafatı” laureatı, b.ü.e.d. Mayis Qasımovun 80 illik yubileyi qeyd olunub.

Tədbiri institutun direktoru, akademik Validə Əlizadə açaraq M.Qasımovun həyat və fəaliyyətindən, botanika elminin inkişafındakı xidmətlərindən danışıb. Bildirib ki, alim uzun illər ərzində elmi-tədqiqatlar aparmış və topladığı herbari materiallarını araşdıraraq Azərbaycanın boyaq bitkiləri, onların qida və xalçaçılıq sənayesində istifadə olunması üzrə uğurlu nəticələr əldə etmişdir.

Sonra AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova çıxış edərək M.Qasımovun apardığı elmi araşdırmaların nəticələrinin botanika elminin və ölkəmizdə boyaqçılıq sənətinin inkişafına böyük töhfələr verdiyini vurğulayıb. Qeyd edib ki, alim işlədiyi müddətdə elmi fəaliyyətlə yanaşı, institutun ictimai həyatında da fəal iştirak etmişdir. O, institutun Elmi Şurasının üzvü, namizədlik və doktorluq dissertasiyalarının opponenti, bir çox əsərlərin rəyçisi və elmi redaktoru olmuşdur.

Tədbirdə institutun elmi işlər üzrə direktor müavini, b.ü.e.d. Eldar Novruzov M.Qasımovun elmi-pedaqoji fəaliyyətinə dair məruzə edib. Bildirib ki, alim 1973-cü ildə “Azərbaycanın boyaq bitkiləri və onların xalçaçılıq sənayesində istifadə olunması” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Əldə etdiyi elmi nəticələrin nəzəri və praktiki əhəmiyyətinə görə 1974-cü ildə Respublika “Lenin Komsomolu” mükafatına layiq görülmüşdür. 1974-cü ildə təbii boyaqların xalçaçılıq sənayesində tətbiqinə görə Azərbaycan “İxtiralar va səmərələşdiricilər Komitəsi”nin fəxri fərmanı ilə təltif olunmuşdur. 1987-ci ildə Moskva Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində əldə etdiyi elmi-praktiki nəticələrin nümayişinə görə I dərəcəli diplom və qızıl medala layiq görülmüşdür. Elə həmin ildə “SSRI-nin ixtiraçı alimi” adı verilmiş va döş nişanı ilə təltif edilmişdir.

Qeyd olunub ki, institutda işlədiyi müddət ərzində onun tərəfindən 230 elmi əsər, 8 monoqrafiya, 2 kitab, 1 metodik vəsait çap olunmuş, 20-yə yaxın patent alınmış, 70-dən artıq səmərələşdirici təklif işlənib hazırlanmış və istehsalatda tətbiqinə nail olunmuşdur. Alimin 600-dən artıq elmi-populyar əsəri dərc edilmişdir. 2017-ci ildə yüksək maraq kəsb edən “Boyaqçılıq” adlı sonuncu kitabı çapdan çıxmışdır.

Daha sonra z.ü.f.d. Adil Əliyev, k.ü.e.d. Siracəddin Sərkərov və digərləri görkəmli botaniklə bağlı xatirələrini bölüşüblər.

Sonda alimin həyat yoldaşı, Botanika İnstitutunun elmi işçisi, b.ü.f.d. Tünzalə Qasımova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

www.science.gov.az