sa sa 204
Mərkəzi Elmi Kitabxananın yaradılmasının 95-ci ildönümü və onun yeni binasının istifadəyə verilməsinin 5 illiyi münasibətilə tədbir keçirilib + Foto İyn 10, 2019 | 09:17 / Yubileylər

İyunun 7-də AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) yaradılmasının 95-ci ildönümü və kitabxananın yeni binasının istifadəyə verilməsinin 5 illiyi münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq zəngin tarixə malik elm və mədəniyyət ocağı olan kitabxananın yaranma tarixi barədə ətraflı məlumat verib. O, 2011-ci ilin noyabrında Prezident İlham Əliyevin Sərəncamına əsasən Mərkəzi Emi Kitabxananın yeni binasının təməlinin qoyulduğunu xatırladıb. Qeyd edib ki, artıq 5 ildir müasir tərtibatda fəaliyyət göstərən müəssisədə hazırda dünyanın tanınmış kitabxanalarının təcrübəsi tətbiq edilir.

MEK-in ötən müddət ərzində səmərəli fəaliyyət göstərdiyini deyən AMEA rəhbəri kitabxanaya göstərilən dövlət qayğısından danışıb, beynəlxalq təşkilatların bu qurumla əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib. Çıxışının sonunda akademik Akif Əlizadə Mərkəzi Elmi Kitabxananın kollektivini yubiley münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar diləyib.

Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Mərkəzi Elmi Kitabxananın keçdiyi tarixi inkişaf yolundan danışıb.

Azərbaycanda ilk elmi kitabxananın 1924-cü ildə Əbdürrəhim bəy Haqverdiyevin imzaladığı sərəncamla yaradıldığını deyən alim 1932-ci il dekabr ayının 29-da SSR Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsi yaradılarkən "Azərbaycanı Tədqiq və Tətöbbö Cəmiyyəti"nin və Azərbaycan Emi-Tədqiqat İnstitutunun bütün mülkiyyətinin Azərbaycan şöbəsinin ixtiyarına verildiyini diqqətə çatdırıb. Bildirib ki, artıq 87 ildir MEK akademik qurumun tərkibində fəaliyyət göstərir. 1945-ci ildə Azərbaycanda müstəqil Elmlər Akademiyasının yaradılması ilə əlaqədar Mərkəzi Elmi Kitabxananın tarixində də yeni inkişaf mərhələsi başlayıb. Kitabxana bütün dövrlərdə elmimizə sanballı töhfələr verib.

Akademik İ.Həbibbəyli MEK-i dünyanın aparıcı kitabxanaları ilə müqayisə edib. O, MDB ölkələrinin elmi kitabxanaları arasında MEK-in ən müasir kitabxana olduğunu söyləyib. Bildirib ki, Mərkəzi Elmi Kitabxana akademik elmi təbliğ etməklə yanaşı, həm də ideoloji mərkəzdir. Kitabxana milli maraqlara xidmət edir, burada dövlət əhəmiyyətli tədbirlər keçirilir.

Ötən beş il ərzində MEK-də görülən işlər, müəyyən olunan strateji hədəflər, əldə edilən mühüm nəticələr barədə məlumat verən qurumun direktoru, t.ü.f.d. Leyla İmanova bu müddət ərzində kitabxananın ənənəvi formatdan müasir formata, informasiya resurslarının tətbiqi mərhələsinə keçdiyini vurğulayıb. Bildirib ki, MEK kitabxana fəaliyyəti və hesabatını kəmiyyət göstəricilərindən keyfiyyət göstəricilərinə yönəldib. Direktor “Milli Rəqəmsal Yaddaş”, “Sərbəst ensiklopedik resurslar” (Vikipediya), “Vahid İdarəetmə Sistemi” layihələrinin həyata keçirildiyini söyləyib.

L.İmanova kitabxananın fəaliyyətinin beynəlxalq meyarlara cavab verdiyini, burada tətbiq olunan layihələrə dünyanın heç bir kitabxanasında rast gəlinmədiyini deyib. Qeyd edib ki, hazırda kitabxananın oxucu sayı 5 mini keçib və 40-dan çox ölkənin 250-ə yaxın təşkilatı ilə əməkdaşlıq əlaqələri qurulub.

Tədbirdə Milli Kitabxananın direktoru, professor Kərim Tahirli, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi nəzdində Prezident kitabxanasının direktoru Mayıl ƏhmədliNeft–Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Tarix İnstitutunun şöbə müdiri, professor Tofiq Mustafazadə, MEK-in Vikipediya şöbəsinin əməkdaşı Gülarə Səbzəliyeva çıxış edərək oxuculara göstərilən müasir xidmətlər sistemi, fondlara daxil edilən yeni qiymətli sənədlər və kolleksiyalar, Milli Rəqəmsal Yaddaş layihəsi, beynəlxalq akademik qurumlarla əməkdaşlıq, müxtəlif formatlı layihələr və tədbirlər də daxil olmaqla kitabxananın fəaliyyətini yüksək qiymətləndiriblər.

Sonda MEK-in 5 illik fəaliyyəti barədə film nümayiş etdirilib. Filmdə MEK-in qısa müddət ərzində yeni binaya köçürülməsindən, iki növbədə çalışan kitabxananın 18 yaşına çatmış bütün Azərbaycan vətəndaşları və xarici ölkələrin nümayəndələrinə açıq olmasından, geniş elmi elektron bazalara çıxışın təmin edilməsindən, MEK fondlarından, müxtəlif kolleksiyalardan, fondların ictimaiyyətə müntəzəm açıqlanmasından, Azərbaycan Mətbuat Şurası başda olmaqla ölkənin aparıcı mətbu orqanları, eləcə də digər təşklatlarla əməkdaşlıqdan, yerli və beynəlxalq miqyaslı tədbirlərdən bəhs olunub.

www.science.gov.az