sa sa 57
Azərbaycanlı alim Avropa Şurasının Bioetika komitəsinin 15-ci iclasında iştirak etmişdir. İyn 11, 2019 | 14:43 / Ezamiyyətlər

AMEA Molekulyar Biologiya və Biotexnologyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Gülnarə Balakişiyeva 4-7 iyun 2019 tarixlərində Fransanın Strasburq şəhərində Avropa Şurasının Bioetika komitəsinin 15-ci iclasında iştirak etmişdir. Tədbir Fransa Nazirlər Komitəsinin Prezidentinin himayəsi altında Avropa Şurasının Bioetika Komitəsi (DH-BIO) tərəfindən təşkil edilən Yeni texnologiyaların idarə olunması üçün ictimai debatlara həsr olunmuş seminarla başlanmışdır. Avropa Şurasının Bioetika Komitəsinin İşçi qrupunun Biotibbdə ictimai debat üçün hazırladığı təlimat müzakirə edilmiş, ölkə nümayəndələri öz şərhlərini bildirmişlər. İclasın gündəliyində duran əsas məsələlər insan genomunu redaktə texnologiyaları ilə bağlı meydana çıxan etik və hüquqi məsələlər, gender bərabərliyi, sperm və oositlərin anonim bağışlanması, valideynlərin, donorların və uşaqların hüquqlarının balanslaşdırılması olmuşdur. İclas zamanı həmçinin işçi qrup tərəfindən 2020-2021-ci illər üçün Strateji Fəaliyyət Planı müzakirə edilmiş, əsas prioritet istiqamətlər müəyyən edilmişdir. İclasın sonunda Oviedo Konvensiyasının 29-cu maddəsi ilə əlaqədar şərhlərini bildirmək üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət hazırlamaq təklif edilmiş, Oviedo Konvensiyasına üzv olan dövlətlərin nümayəndələri tərəfindən təklifə münasibət bildirilmiş və yekunda AİHM-ə müraciət etmək qərarı verilmişdir.