sa sa 2225
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılmasına həsr olunan tədbir keçirilib + Foto İyl 01, 2019 | 15:52 / Tədbirlər

01 iyul 2019-cu il tarixində görkəmli alim və ictimai-siyasi xadim, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradıcısı akademik Cəlal Əliyevin ad gününə və institutun yaradılmasının 3-cü ildönümünə həsr olunan tədbir keçirilib. Tədbiri giriş sözü ilə AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov açaraq tədbir iştirakçılarını salamlayıb. Ə.Əmiraslanov qeyd edib ki, əsası hamımızın müəllimi, böyük alim Cəlal Əliyev tərəfindən qoyulan institutun bu gün 3 yaşı tamam olur. İnstitut C.Əliyevin rəhbərlik etdiyi zəngin maddi-texniki bazası və kadr potensialı olan şöbənin əsasında yaradılıb. Nəzərə çatdırılıb ki, bu şöbə uzun illər çox səmərəli fəaliyət göstərib, dünya elminə əhəmiyyətli nəticələr verib.  C.Əliyevin xidmətləri yalnız institutun adı ilə bağlı deyil. Bütövlükdə ölkəmizdə, hətta ölkəmizin hüdudlarından kənarda belə fotosintez sahəsində əldə edilən nailiyyətlərdə akademikin böyük rolu olub. Alimin yetirmələrinin Azərbaycandan kənarda qazandığı uğurlar da bunu təsdiq edir. Cəlal müəllimin tələbələri böyük elmi mərkəzlərə rəhbərlik edir, elmə öz töhfələrini verirlər. Akademik Ə.Əmiraslanov böyük alimin elmi irsinin davam etdirilməsində institutun direktoru, akademik İradə Hüseynovanın uğurlu fəaliyyətini qeyd edibərək bildirib ki, o alim xoşbəxtdir ki, onun yaratdığı elmi məktəb var. O, əmin olduğunu bildirib ki, gələcəkdə bu institutun yubileyləri qeyd ediləcək və onun əməkdaşlarının dünya elminə verdiyi töhfələrdən söz açılanda Cəlal müəllimn adı ehtiramla yad ediləcək. Natiq institutun kollektivini bu bayram münasibətilə bölmənin adından təbrik edib.

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun  direktoru, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova tədbirə qatıldığına görə akademik Ə.Əmiraslanova dərin təşəkkürünü bildirib. O, qeyd edib ki, 30 iyun akademik Cəlal Əliyevin anadan olan günüdür və həmçinin institutun yaranma tarixidir. Bu tarix təsadüfən alınsa da yəqin ki, burada bir mistika da vardır. Bu zalda əyləşənlərin hər biri böyük alimi öz müəllimi hesab edirlər. İ.Hüseynova institutun yaranma tarixi haqqında qısa məlumat verib. Qeyd olunub ki, Cəlal Əliyev keçən əsrin 70-ci illərində Botanika İnstitutunda kiçik bir yaradıcı qrup yaradıb və bu qrup böyük bir şöbəyə qədər uğurlu bir yol keçib. 2014-cü ildə AMEA-nın Ümumi Yığıncağında akademik Cəlal Əliyevin rəhbərlik etdiyi AMEA Botanika İnstitunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin bazasında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun  yaradılması haqqında qərar qəbul edilib və 2016-cı il iyulun 1-dən institut müstəqil fəaliyyətə başlayıb. Hazırda burada 14 laboratoriya, o cümlədən 5 beynəlxalq laboratoriya, 3 şöbə, doktorantura, dissertantura və magistratura fəaliyyət göstərir. Artıq 3-cü ildir ki, institutda magistrantların buraxılışı keçirilir.

İ.Hüseynova AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə,  Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi akademik Əhliman Əmiraslanova institutun yaranması və fəaliyyət göstərdiyi dövrdə daimi diqqət və qayğısına görə dərin təşəkkürünü bildirib. O, əmin olduğunu bildirib ki, institut əməkdaşlarının və Cəlal müəllimin bütün tələbələrinin arzusunu nəzərə alaraq, instituta onun yaradıcısı olan Cəlal Əliyevin adı veriləcək. Bu baxımdan. AMEA-nın C. Əliyev adına mükafatının təsis edilməsi məhz bu yolda atılan böyük bir addımdır.

Tədbirin sonunda C.Əliyevə həsr olunmuş “Əbədi çıraq” filmi nümayiş etdirilib.