sa sa 2036
İnstitutun növbəti elmi seminarı keçirildi + Foto İyl 01, 2019 | 13:00 / Seminarlar

İyulun 1-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitunda İyun ayının 23-28-də Sankt Peterburqda keçirilən beynəlxalq konfransın iştirakçılarının hesabatı dinlənildi. Öncə institutun əməkdaşları iyunun 30-da anadan olmasının 91-ci ili tamam olan akademik Cəlal Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Akademiyanın müxbir üzvləri İlham Şahmuradov, İbrahim Əzizov və institutun elmi şurasının üzvlərindən b.e.d. Səyyarə İbadullayeva çıxış edərək C. Əliyev haqqında öz xatirələrini bölüşdülər. Onlar qazandıqları nailiyyətlərdə C. Əliyevin böyük rolundan bəhs etdilər və hazırda bütün dünyada qəbul edilən multi-dissiplinar tədqiqatlara C.Əliyevin rəhbərlik etdiyi yaradıcı qrupun artıq keçən əsrin 70-ci illərindən başladığını yada saldılar. Çıxış edənlər C. Əliyevin insani keyfiyyətlərindən bəhs edərək indiki gənc nəslin onun layiqli davamçıları olacağına əmin olduqlarını bildirdilər.

Daha sonra Karbonun Fotosintetik Assimilyasiyası laboratoriyasının müdiri, b.e.d. Şahniyar Bayramov və Bioadaptasiya laboratoriyasının kiçik elmi işçisi Nərgiz Bayramova Rusiya Federasiyasının Sankt Peterburq şəhərində “Davamlı İnkişaf üçün fotosintez və hidrogen enerjisi tədqiqatları” mövzusunda 10-cu beynəlxalq konfransda iştirak etmələri haqqında hesabat verdilər. Konfransda Avstraliya, Avstriya, Azərbaycan, Bolqarıstan, Böyük Britaniya, Almaniya, İsrail, Belarusiya, Ukrayna, İran, Yaponiya, Rusiya və s. ölkələrdən 200-dən çox alim iştirak edirdi. Konfrans iştirakçıları fotosintez və hidrogen enerjisi, süni fotosintez və nanotexnologiyalar üzrə fundamental və tətbiqi aspektdə aparılan tədqiqatlar ilə tanış olmaq imkanı əldə etdilər. Bu görüş müxtəlif ölkələrdən olan tələbələr, aspirantlar və  alimlər üçün professional əlaqələr yaratmaq və əməkdaşlıq üçün yeni imkanlar açdı. Əməkdaşlarımızın təqdim etdikləri posterlər böyük maraqla qarşılandı.