sa sa 915
AMEA Rəyasət Heyətinin Azərbaycan Tibb Universitetində səyyar iclası keçirilib + Foto ,Video İyl 17, 2019 | 14:00 / Konfranslar, iclaslar

İyulun 17-də Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin səyyar iclası keçirilib. Öncə AMEA-nın prezidenti, akademik Akif Əlizadə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunan Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə VəlixanlıHüquq və İnsan Haqları İnstitutunun aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Moisey Bekker, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Araz Qurbanov, Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi və Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Maksvellə medalları təqdim edib. Cümhuriyyət irsinin tədqiqində və təbliğində səmərəli fəaliyyətlərinə görə təltif olunmuş alimləri təbrik edib.

Gündəlikdə əksini tapan növbəti məsələ AMEA-nın elmi bölmələrinin elmi sessiyaları haqqında olub. Bildirilib ki, peşəkar mütəxəssislər və gənc alimlərin iştirakı ilə geniş müzakirələrin aparılması, elmi prioritetlər üzrə mövcud problemlərin dərindən araşdırılması, həmçinin gənclərin bilik və bacarıqlarının üzə çıxarılması və yaradıcı gənclərin müəyyənləşdirilməsi məqsədilə sessiyaların təşkili mühüm əhəmiyyət daşıyır. Bunu nəzərə alaraq, Rəyasət Heyəti AMEA-nın elmi bölmələrində rübdə bir dəfədən az olmayaraq elmi sessiyaların keçirilməsi, burada müvafiq peşəkar mütəxəssislərin iştirakı ilə təbiət, texnika, humanitar və ictimai elm sahələrinin müxtəlif aktual problemlərinə həsr olunan elmi məsələlərin müzakirə edilməsi və digər məsələlərlə bağlı qərar qəbul edib.

Tədbirdə AMEA-da lektoriyanın təşkili məsələsinə də baxılıb. Bildirilib ki, AMEA-nın gənc alim və mütəxəssislərinin, doktorant və magistrlərinin iştirakı ilə keçiriləcək lektoriyada respublikanın xüsusi elmi məktəb yaratmış nüfuzlu alimlərinin, AMEA üzvlərinin təbiət, texnika, ictimai və humanitar elmlərin müxtəlif aktual problemlərinə və Azərbaycanın elm tarixinə həsr olunmuş məruzələri dinləniləcək. Lektoriyada dövlətin elm siyasətinin müxtəlif istiqamətləri, elmi fəaliyyət sahəsinə aid mühüm dövlət sənədləri, dövlət proqramları, AMEA Ümumi yığıncağı və Rəyasət Heyətinin mühüm qərarlarının mahiyyəti, məqsəd və vəzifələri, onların icra mexanizmləri barədə gənclərə geniş məlumat verilməsi də nəzərdə tutulur.

Gündəlikdə yer alan digər məsələlər 2019-cu ilin oktyabr ayında Riyaziyyat və Mexanika İnstitutunun 60 illik və 2020-ci ilin mart ayında Nəsimi adına Dilçilik İnstitutunun 75 illik yubileylərinin keçirilməsi barədə olub. İclasda Riyaziyyat və Mexanika İnstitutunun yubileyi münasibətilə "Riyaziyyat və Mexanikanın müasir problemləri" adlı beynəlxalq konfransın keçirilməsi qərara alınıb, Dilçilik İnstitutunun yubileyinin qeyd olunması ilə bağlı Tədbirlər planı təsdiqlənib.

Növbəti qərarlarla Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Ülkər İbrahimova Slovakiya Respublikasına və həmin institutun elmi işçisi Güman Qarayev İtaliya Respublikasına, Neft və Qaz İnstitutunun mühəndisi Emil Cəlilov isə Kanadanın Monreal şəhərinə ezam ediliblər.

Sonra akademik Məmmədağa Şirəliyevin 110 illik yubileyi və İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundovanın 60 illik yubileyinin keçirilməsi barədə qərarlar qəbul olunub.

İclasın digər qərarlarıyla “AMEA-nın Xəbərləri (ictimai elmlər seriyası)” jurnalının adı dəyişdirilərək “Sosial elmlər” jurnalı adlandırılıb, Hüquq və İnsan Haqları İnstitutunun yeni “Hüquq və insan haqları” elmi-nəzəri jurnalı təsis edilib.

Tədbirdə Rəyasət Heyətinin qərarıyla biologiya elmləri doktoru Eldar Novruzov Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib.

www.science.gov.az