sa sa 231
Onkoloji və neyrodegenerativ xəstəliklərin yeni tədqiqi üsulları müzakirə edilib + Foto İyl 17, 2019 | 14:14 / Mühüm hadisələr

İyulun 17-də Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında keçirilən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımovun "Ağciyər xərçəngi və neyrodegenerativ amiloid xəstəliklərinin multidissiplinar tədqiqi: ilkin nəticələr və gələcək istiqamətlər" mövzusunda elmi məruzəsi dinlənilib.

Alim bildirib ki, onkoloji və neyrodegenerativ xəstəliklər müasir biotibbin ən prioritet istiqamətlərindəndir. İqtisadi cəhətdən inkişaf etmiş əksər ölkələrdə ölüm səbəblərinin strukturunda bədxassəli şişlərin 18-23 faizlə ikinci yeri tutduğunu deyən natiq, dünya əhalisinin təxminən 10 faizinin yaşla əlaqəli neyrodegenerativ xəstəliklərdən əziyyət çəkdiyini əlavə edib: "Bu xəstəliklərin hər birində genetik, stress və başqa amillər mühüm rol oynayır. Bu çoxamilli xəstəliklərin yaratdığı tibbi-sosial problemləri həll etmək üçün yeni innovativ, multidissiplinar yanaşmaların tətbiqinə böyük ehtiyac var".

Məruzəçi xəstəliklərin başlanğıc mərhələsini aşkar edə bilən yeni skrininq metodların tətbiqinin vacib olduğunu xüsusi qeyd edib. Vurğulayıb ki, bu  yanaşma həm xəstələrin yaşama müddətinin və sağalma ehtimalının artması, həm də iqtisadi səmərəlilik nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. O.Qasımov AMEA-nın Biofizika İnstitutu və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi ilə birgə işlənilib hazırlanan  süni intellekt vasitəsilə ağciyər xərçənginin proqnozu üzrə aparılan işlərin uğurlu nəticələr verdiyini söyləyib: ""Maşın öyrənməsi" fazasında sağlam və xəstə insanların qan plazmaları Furye Çevirici İnfraqırmızı spektrləri multivariat statistika vasitəsi ilə təsnif olunub, onun icrası yoxlanılıb, lazım gəldikdə optimallaşdırılıb. Maşın bu biliklərdən istifadə etməklə naməlum nümunələri multivariat statistika vasitəsi ilə təsnif edib proqnoz verir. İşlənib hazırlanan sistem sağlam insanları 80 faizə, ağciyər xərçəngi olan xəstələri isə 90 faizə qədər dəqiqliklə təyin edə bilir. Bu tədqiqatları davam etdirmək və maşın biliyinin həcmini artırmaqla təsnifatı daha da təkmilləşdirmək zəruridir".

O.Qasımov bildirib ki, sağlam və bədxassəli şiş hüceyrələrinin membranının temperaturdan asılı dinamikası bir-birindən kəskin fərqlənir. Vurğulayıb ki, sağlam hüceyrələrə nisbətən bədxassəli şiş hüceyrələrinin membranının axıcılığı temperatur yüksəldikcə daha kəskin artır. Hazırda bədxassəli şişlərin kimyəvi terapiyasının effektivliyinin, eləcə də şüa müalicəsi zamanı toxumaların radiohəssaslığının artırılması üçün süni lokal hipertermiya üsulundan istifadə olunur.

Natiq bədxassəli şiş hüceyrələrinin morfologiyasına dair çoxşaxəli tədqiqatların sürətlə genişləndiyini deyib. Vurğulayıb ki, şiş toxumasında hüceyrə ətrafı mühit zəif turş, normal hüceyrə ətrafı isə zəif qələvidir. Bu fərqdən xəstəliyin rasional müalicəsi üçün yararlanmaq olar və artıq bu istiqamətdə tədqiqatlara başlanılıb. Məruzəçi tədqiqatların Milli Onkologiya Mərkəzi ilə birlikdə aparıldığını, alınan nəticələrin mütəxəssislərlə, dünyada tanınmış onkoloq akademik Cəmil Əliyevlə müzakirə edildiyini söyləyib. Mərkəzlə rəhbərlik etdiyi institutun Molekulyar və hüceyrə onkologiyası birgə laboratoriyasının elmi tədqiqat işlərinin effektiv və yüksək dərəcədə koordinasiya olunmuş şəkildə aparıldığını əlavə edib.

Məruzəçi bildirib ki, dünyada tibb sahəsi fərdi təbabət yanaşması, yəni hər bir fərd üçün fərdi dərman seçilməsi, hətta sintezi istiqamətində inkişaf edir. Vurğulayıb ki, eyni xərçəng xəstəliyi bir və ya bir neçə mutasiyanın, yaxud müxtəlif genin zədələnməsi nəticəsində baş verə bilər. Ona görə, hər bir xərçəng xəstəsində olan mutasiyalar təyin edilməli, buna cavab verən dərmanlar seçilməlidir. Qeyd edib ki, bu gün tibbdə müasir çağırışlara cavab olaraq, fərdi təbabət istiqamətini inkişaf etdirmək üçün AMEA-nın Biofizika İnstitutunda hüceyrə texnologiyaları bazasının yaradılmasına ehtiyac var.

O.Qasımov inteqrativ bioloji yanaşma əsasında bədxassəli şiş hüceyrələrinin yaranmasına səbəb olan prinsipial genetik faktorların təyini və dəqiqləşdirilməsi, bədxassəli şişlərin gedişinin riyazi modelləşdirilməsi, proqnozlaşdırılması və müvafiq diaqnostika sistemlərinin yaradılması üzrə işlər aparıldığını söyləyib. Vurğulayıb ki, insan genomunda promotor axtarışı üzrə İnteqrativ biologiya laboratoriyasında yaradılmış yeni TSShm metodu və digər kompüter proqramları vasitəsi ilə alınmış nəticələr xərçəng xəstəliyi ilə bağlı məlum 702 gendən 650-si üçün ən azı 1 potensial 2-istiqmətli promotor (2-İP) olduğunu göstərir. Natiq bu istiqamətdə alınan mühüm nəticələrin nüfuzlu beynəlxalq jurnallarda (BBA-Proteins and Proteomics, 2018; Journal of Spectroscopy, 2018; Macromol.Chem.Phys, 2019) çap olunduğunu da əlavə edib.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında akademiklər - Rasim ƏliquliyevDilqəm Tağıyevİradə HüseynovaƏhliman ƏmiraslanovVaqif Fərzəliyev, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, professor Habil Muradov və digərləri çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Məruzə Rəyasət Heyəti tərəfindən müsbət qiymətləndirib. AMEA-nın Biofizika İnstitutuna Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi ilə birlikdə verilənlər bazası həcmini artırmaqla ağciyər xərçənginin təsnifatının təkmilləşdirilməsi və ağciyər xərçəngi üçün iqtisadi cəhətdən səmərəli skrininq metodunun yaradılması və digər istiqamətlərdə tapşırıqlar verilib. İnsan genomunun transkripsiya statusunun idarə edilməsinin çoxşaxəli mürəkkəb proses olduğunu nəzərə alaraq, xərçəng xəstəliyi ilə bağlı işlərin davam etdirilməsi, onkologiya və neyrodegenerativ amiloid xəstəliklərində mutasiyaların mühüm rolunu nəzərə almaqla fərdi təbabət istiqamətini inkişaf etdirmək üçün Biofizika İnstitutunda hüceyrə texnologiyalarının maddi-texniki bazasının yaradılması üzrə işlərin aparılması qərara alınıb.

www.science.gov.az