sa sa 2063
Gülnar Abdullayeva Oksford Universitetində doktorantura təhsilinə başlamışdır. Sen 03, 2019 | 14:02 / Mühüm hadisələr

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kiçik elmi işçisi və sabiq magistrantı Gülnar Abdullayeva dünyanın aparıcı universitetlərindən biri olan Oksford Universitetində Onkologiya ixtisası üzrə doktorantura təhsilinə başlamışdır.

G.Abdullayeva 2012-ci ildə Bakıda orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Bakı Dövlət Universitetinin Biologiya fakültəsinə daxil olmuş, 2016-cı ildə bakalavr pilləsi üzrə təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. Həmin universitetdə təhsil aldığı müddətdə yüksək təhsil göstəricilərinə və ictimai fəallığına görə 2013, 2014 və 2015-ci illərdə "İlin ən yaxşı tələbəsi” adına layiq görülmüşdür. 2016-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun "Molekulyar biologiya” ixtisası üzrə magistraturasına qəbul olmuş və təhsil müddətində tədris edilən bütün ixtisas və qeyri-ixtisas fənlərindən 100 bal toplayaraq 2018-ci ildə təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. Elmi fəaliyyətdə fərqləndiyinə görə 15 noyabr 2017-ci ildə AMEA-nın Fəxri fərmanı ilə təltif olunmuşdur. Bu ilin martında AMEA Biologiya və Tibb Elmləri Bölməsi və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə "Gənc Bioloqların Qış Məktəbində” birinci yerə layiq görülmüşdür. Təhsil illərində bir neçə yerli və beynəlxalq konfransda uğurla iştirak etmiş, sertifikat və diplomlarla təltif olunmuşdur. 2017-ci il martın 11-16-da Sankt-Peterburq şəhərində B.P.Konstantinov adına Peterburq Nüvə Fizikası İnstitutu, "Kurçatovski” adına Elmi-Tədqiqat Mərkəzi tərəfindən təşkil olunan molekulyar biologiya və biofizika üzrə 18-ci Qış məktəbində poster təqdimatı ilə, 2-5 iyul 2018-ci ildə Türkiyənin Nevşehir şəhərində keçirilən VII Molekulyar Biologiya və Biotexnologiya üzrə Milli Konqresdə maraqlı məruzə ilə çıxış edərək sertifikatlar almışdır. G. Abdullayeva İslam İnkişaf Bankının 2018-2019-cu tədris ili üçün PhD təqaüd proqramının qalibi olmuş, dünyanın aparıcı universitetlərindən biri olan Oksford Universitetində Onkologiya ixtisası üzrə 4 illik doktorantura təhsili üçün dəvət almışdı.