sa sa 2267
Tanınmış alim Asəf Salamovun Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda elmi məruzəsi dinlənilib + Foto Sen 06, 2019 | 19:39 / Mühüm hadisələr

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutun akt zalında ABŞ-ın Birləşmiş Genom İnstitutunun Enerji şöbəsinin əməkdaşı, dünyada bioinformatika sahəsində tanınmış alim Asəf Salamovun“Göbələk və yosunların genomu” mövzusunda elmi seminarı keçirilmişdir. Seminarda AMEA Biologiya və Tibb Elmləri Bölməsinin müxtəlif institutlarının əməkdaşları, doktorantlar, magistrlər, Bakı Dövlət Universitetinin tələbələri iştirak etmişlər.

Asəf Salamov Azərbaycanı xaricdə layiqincə təmsil edən alimlərimizdəndir. Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinin məzunu olan A.Salamov öz elmi fəaliyyətinə akademik Cəlal Əliyevin rəhbərlik etdiyi laboratotiyada başlamış, SSRİ EA Sibir Bölməsinin Sitologiya və Genetika İnstitutunda tədqiqatlar aparmış, burada namizədlik dissertasiyasını müdafiə etmişdir. 1991-1993-cü illərdə Azərbaycan EA Botanika İnstitutunda riyazi modelləşdirmə qrupunda çalışmışdır. Sonralar elmi fəaliyyətini ABŞ-ın Texas Beylor Tibb Kollecində,  Yaponiyada Heliks Tədqiqat İnstitutunda, Birləşmiş Krallığın Kembric şəhərində yerləşən Senger İnstitutunda,  və ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşən  biotexnologiya kompaniyasında davam etdirmişdir. 2002-ci ildən ABŞ-ın Birləşmiş Genom İnstitutunun Enerji şöbəsində çalışır. O, “İnsan genomu” üzrə beynəlxalq layihənin iştirakçısı olmuşdur. Məşğul olduğu sahə riyaziyyat, kompüter elmlərinin molekulyar biologiyaya və əsasən də makromolekulların öyrənilməsinə tətbiq edilməsidir. "Tompson Röyter" tərəfindən dərc edilən beynəlxalq miqyasda tanınan və elmi məqalələrindən ən çox istinad olunan, bütün dünya üzrə 3215 alimin yer aldığı siyahıda həmyerlimizin də adı var. Asəf Salamov kimya-biologiya və biologiya, eləcə də bitki və zoologiya elmləri üzrə ən çox istinad edilən alimlərdən biridir. Asəf Salamov 100-dən çox elmi məqalənin müəllifidir. Alimin bir çox məqaləsi dünyanın nüfuzlu, yüksək impakt faktorlu “Nature”, “Science” kimi jurnallarında dərc olunub.

Çıxış seminar işrirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır. Məruzəçiyə çoxsaylı suallar verilmiş, geniş müzakirələr aparılmışdır.