sa sa 2051
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda – “Müəllimlər günü”nə həsr olunmuş tədbir keçirilmişdir. + Foto Okt 04, 2019 | 14:37 / Tədbirlər

Oktyabrın 4-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda – “Müəllimlər günü”nə həsr olunmuş tədbir keçirilmişdir. İlk olaraq institutun rəhbərliyi və əməkdaşları Fəxri xiyabanda görkəmli şəxsiyyət, böyük alim-pedaqoq Cəlal Əliyevin məzarını ziyarət etmişlər. AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova Cəlal Əliyevlə bağlı xatirələrindən bəhs etmiş, onun ciddi və tələbkar müəllim olması ilə yanaşı yetirmələrinə qarşı qayğıkeş, mehriban, səmimi olmasını da vurğulamışdır.

Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən ğözəl peşədir. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır. O, deyirdi: "Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir".

Tədbir İnstitutda çay süfrəsi ilə davam etmişdir.Tədbir zamanı AMEA-nın müxbir üzvü, professor İbrahim Əzizov, b.e.d. Yaşar Feyziyev, b.ü.f.d. Samirə Rüstəmova, təhsil şöbəsinin baş mütəxəssisi Qənfilə Bayramova və magistrlar öz ürək sözlərini söyləmiş və müəllimləri təbrik etmişlər.

Bayramınız mübarək, əziz müəllimlər!