sa sa 1868
AMEA Mərkəzi Nəbatat Bağının 2019-cu ildəki elmi və elmi-təşkilatı fəaliyyətinin hesabatı dinlənilib. + Foto Noy 07, 2019 | 15:45 / Konfranslar, iclaslar

Noyabrın 5-də AMEA Mərkəzi Nəbatat Bağında (MNB) 2019-cu ildə aparılan elmi-tədqiqat və elmi-təşkilati işlərin yekun hesabatı dinlənilib. Tədbirdə Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, AMEA-nın vitse prezidenti, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova, AMEA Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə, AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, elmi şuranın üzvləri və Mərkəzi Nəbatat Bağının əməkdaşları iştirak ediblər. Tədbirdən öncə qonaqlar MNB-nin oranjereyasında aparılan yenidənqurma və tərtibat işləri ilə, həmçinin yeni istifadəyə verilən Ziyarətçi Mərkəzi ilə tanış olublar.

Daha sonra baş tutan hesabat iclasında Mərkəzi Nəbatat Bağının direktoru biologiya elmləri doktoru Vahid Fərzəliyev MNB-nin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair məruzə ilə çıxış edib. Çıxışda Nəbatat Bağında aparılan elmi-tədqiqat işləri, əldə olunan mühüm nəticələr və beynəlxalq əməkdaşlıq fəaliyyəti ilə bağlı ətraflı məlumatlar verilib. O bildirib ki, Nəbatat Bağının bu ilki fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, dövlət proqramları, AMEA Rəyasət Heyətinin qərarları, AMEA rəhbərliyinin sərəncamları əsas götürülüb, 7 mövzunu əhatə edən 17 iş və 22 mərhələdə tədqiqat işləri yekunlaşdırılıb.

Məruzəçi AMEA Mərkəzi Nəbatat Bağında seleksiya və hibridləşdirmə üsulu ilə yetişdirilmiş ˈAbşeron Simfoniyasıˈ, ˈCəlal Əliyevˈ, ˈHəsən Əliyevˈ, ˈQara Giləˈ, ˈLeylaˈ, ˈLütfi Zadəˈ, ˈŞərqin Səhəriˈ bağ qızılgül sortlarının Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə müəlliflik şəhadətnaməsi almaq üçün təqdim edildiyini bildirib, digər nailiyyətlərdən danışıb.

Məruzə dinlənildikdən sonra müzakirələr aparılıb, suallar cavablandırılıb.

Müzakirələrə yekun vuran akademik Əhliman Əmiraslanov MNB-də son dövrlərdə aparılan tədqiqat fəaliyyətlərini müsbət qiymətləndirib, onların daha da intensivləşdirilməsi istiqamətində tapşırıqlarını verib.

www.botany.az