sa sa 1969
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun 2019-cu ildəki elmi və elmi təşkilati fəaliyyətinin yekunları haqqında hesabatı dinlənilib + Foto Noy 19, 2019 | 15:14 / Mühüm hadisələr

19 noyabr 2019-cu il tarixində AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi Şurasının birgə iclası keçirilib. Tədbirdə AMEA Biologiya və Tibb Elmləri Bölməsinin elmi katibi a.e.ü.f.d. Afiq Məmmədov iştirak edib.

Məruzəçi AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti İradə Hüseynova cari ildə Azərbaycan Respublikası Prezidentinin, Nazirlər Kabinetinin qərar və sərəncamlarının, Dövlət Proqramlarının icrası ilə əlaqədar İnstitutda yerinə yetirilmiş işlər haqqında ətraflı məlumat verdi. O qeyd etdi ki, 2019-cu ildə İnstitutda 5 mövzunun yerinə yetirilməsi məqsədilə 24 işin 30 mərhələsi üzrə tədqiqatlar davam etdirilib. Elmi-tədqiqat işləri planlarının yerinə yetirilməsi haqqında məlumat, əldə edilmiş mühüm elmi nəticələr şura üzvlərinin diqqətinə çatdırıldı. Məruzəçi qeyd etdi ki, institutun beynəlxalq əlaqələri xeyli genişlənmiş və cari ildə İtaliya Milli Tədqiqat Şurasının (CNR) Davamlı Bitki Mühafizəsi İnstitutu, Belarus Milli Elmlər Akademiyasının Genetika və Sitologiya İnstitutu, Koreya Respublikası Pusan Milli Universiteti və Rusiya Elmlər Akademiyası Puşino Bioloji Tədqiqatlar Elmi Mərkəzi ilə müqavilələr imzalanıb. İnstitutun 16 əməkdaşı 14 xarici ölkədə (İtaliya, Avstriya, Almaniya, Fransa, Cənubi Koreya, Rusiya, Slovakiya, Gürcüstan, İran və s.) elmi ezamiyyədə olub. 2019-cu ildə institutun əməkdaşları Azərbaycanda və xarici ölkələrdə keçirilən elmi konfranslarda fəal iştirak etmişlər. Son illərdə yüksək nüfuzlu, impakt-faktorlu jurnallarda çap olunan məqalələrin sayı da xeyli artıb. Məruzəçi İnstitutda gənc elmi kadrların hazırlanmasına xüsusi diqqət yetirildiyini, doktorant və dissertantlar üçün hər cür şərait yaradıldığını, elmi tədqiqatlarını müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarda apardıqlarını qeyd etdi.

Hesabat ətrafında çıxış edənlər institutun fəaliyyəti və əldə olunan nəticələrini qənaətbəxş hesab etdilər. Sonda institutun illik fəaliyyəti müsbət qiymətləndirilərək illik hesabatın qəbul olunmasına dair qərar qəbul edildi.