sa sa 110
MBBİ-də Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub + Foto Noy 26, 2019 | 12:34 / Tədbirlər

Noyabrın 20-də AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda ölkədə ali təhsil sisteminin və elmin inkişafında mühüm xidmətləri olan Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr olunan "Elm və təhsil: keçmişi qoruyaq, gələcəyi yaradaq” mövzusunda tədbir keçirilib. Öncə qonaqlar institutun Təhsil şöbəsinin fəaliyyəti və “Biz fəxr edirik ki, BDU-nun məzunlarıyıq” mövzusunda hazırlanmış guşə ilə tanış olublar.

Tədbir Azərbaycanın himninin səsləndirilməsi ilə başlanılıb. AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru akademik İradə Hüseynova qonaqları salamlayaraq BDU-nun yaranmasının Azərbaycan xalqının həyatında çox böyük bir hadisə olduğunu qeyd edib və universitetin keçdiyi tarixi yoldan söz açıb. Akademik qeyd edib ki, Azərbaycan xalqının milli sərvəti olan BDU-nun yaranması tarixin yaddaşına həkk olunan mühüm hadisələrdən biridir. Ölkəmizin bundan sonrakı inkişafı naminə AMEA və BDU bir-birilə sıx əməkdaşlıq etməlidir. Elm-təhsil-innovasiya üçbucağı daim inkişaf etməli və əlaqələr daha da gücləndirilməlidir. Özünün də BDU-nun kimya fakültəsinin məzunu olduğunu söyləyən alim qeyd edib ki, institutda çalışan elmi işçilərin 95%-i BDU-nun məzunudur. Buna görə də universitetin 100 illik yubileyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu üçün də əhəmiyyətli olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev Prezident İlham Əliyevin “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının əhəmiyyətindən bəhs edərək, bu ali təhsil ocağının yubiley tədbirlərinin həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda geniş qeyd edildiyini bildirib. O söyləyib ki, uzun illərdir BDU-nun yetişdirdiyi tələbələr öz bilik və bacarıqları ilə Azərbaycanı xaricdə layiqincə təmsil edərək onun nüfuzunu qaldırırlar. Bu ənənənin davam etdirilməsi bugünkü gəncliyə həvalə olunur. MBBİ və BDU-nun illərlə davam edən əməkdaşlığı, universitetin tələbələrinin və magistrlərinin burada təcrübə keçməsi elm və təhsilin inteqrasiyasına nümunədir. BDU-nun yubileyi bütünlükdə Azərbaycanın yubileyidir. BDU-nun 100 illlik tarixi ərzində təqribən 175 minə yaxın məzunu olub. BDU-nun ilk rektoru olan Vasiliy İvanoviç Razumovskiy deyib ki, Şərqlə Qərbin qovşağında bir məşəl alovlandı, bu məşəl yanmaqda davam edərək öz şöləsi ilə ətrafı işıqlandırır və onun qığılcımları da məhz məzunlardır. Bu gün BDU ölkənin ictimai-siyasi həyatında kifayət qədər önəmli  rol oynayır. Əsas kadr bazası olaraq yüksək ixtisaslı, savadlı, bacarıqlı və dəyərli insanlar yetişdirir. Universitetin adını tarixə həkk etmiş məzunu Ümummilli Lider Heydər Əliyevdir. MBBİ-nin yaradıcısı akademik Cəlal Əliyev də BDU-nun məzunudur.

Daha sonra dünyada tanınmış alim, MRC-Molekulyar Biologiya İnstitutunun Hesablama struktur biologiyası laboratoriyasının müdiri, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda eyni adlı laboratoriyanın rəhbəri, vaxtilə BDU-nun tətbiqi riyaziyyat fakültəsinin məzunu olmuş professor Qərib Mürşüdov çıxış edərək universitetin cəmiyyətin inkişafına bütün istiqamətlərdə təsir etdiyini söyləyib.

Tədbirdə AMEA-nın müxbir üzvləri İbrahim Əzizov, Elşad Qurbanov, biologiya elmləri doktorları Səftər Süleymanov, Yaşar Feyziyev, Həsən Babayev, institutun Təhsil şöbəsinin müdiri, b.ü.f.d. Samirə Rüstəmova, Ümumi şöbənin müdiri Aynurə Mirzəyeva, institutun ümumi işlər üzrə direktor müavini Natiq Allahverdiyev çıxış edərək, öz ürək sözlərini bildirmiş, Bakı Dövlət Universitetinin Azərbaycan təhsilinə və elminə verdiyi töhfələrdən söz açıblar. Sonra MBBİ-də çalışan BDU məzunlarının xatirə şəkillərindən hazırlanmış çarx nümayiş etdirilib.