sa sa 2279
Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi + Foto Dek 12, 2019 | 17:07 / Tədbirlər

12 dekabr 2019-cu il tarixində AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əliyevin  anım günü ilə əlaqədar tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru akademik İradə Hüseynova  bildirdi ki, tarixdə adı dövlətçiliyin simvoluna çevrilən və onunla birgə çəkilən çox az sayda siyasi liderlərə rast gəlmək olar. XX əsr tarixində fenomen şəxsiyyət Heydər Əliyevin yaratdığı milli dövlətçilik, tarixin bizə bəxş etdiyi milli sərvətdir və onun dəyəri illər keçdikcə daha dərindən dərk olunur.  Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elmini öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən biri idi. Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu 1969-cu ildən – məhz Onun birinci dəfə hakimiyyətə gəlişindən sonra başlayıb. XX əsrin sonu Azərbaycan xalqının həyatında taleyüklü bir dövr kimi xarakterizə olunur. Həmin dövrdə baş verən hadisələr ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını şərtləndirdi. 1993-cü ildə onun yenidən hakimiyyətə qayıdışı nəticəsində Azərbaycan sabitlik məkanına çevrildi. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlıdır. Ən çətin anlarda belə Heydər Əliyev yenilməz siyasi iradə nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrildi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi. Ulu öndərin vəfatından ötən 16 ildə Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin bu günümüz üçün möhkəm təməl yaratdığını əsaslı şəkildə diqqətə çatdırır.

Daha sonra institutun əməkdaşları – AMEA-nın müxbir üzvü, professor İ.Əzizov, elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov, ümumi işlər üzrə direktor müavini N.Allahverdiyev, biologiya elmləri doktoru Y.Feyziyev çıxış edərək qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı, böyük istedadı ilə fərqlənən Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə çevrildiyini və öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini qeyd etdilər.

Tədbirdən sonra İnstitutun kollektivi ulu öndərin Fəxri xiyabandakı məzarını ziyarət edərək onun məzarı önünə gül dəstələri qoyublar.