sa sa 2507
AMEA-nın müxbir üzvü, b.ü.e.d. İlham Əyyub oğlu Şahmuradovun 60 illik yubileyi qeyd edildi + Foto Mart 13, 2018 | 12:34 / Yubileylər

Martın 13-də AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi şurasında AMEA-nın müxbir üzvü,  b.ü.e.d. İlham Əyyub oğlu Şahmuradovun elmi fəaliyyətinə və anadan olmasının 60 illiyinə həsr olunmuş yubiley sessiyası keçirildi.

İnstitutun direktoru, akademik İradə Hüseynova qeyd etdi ki, İlham Şahmuradov ölkəmizi xaricdə ləyaqətlə təmsil edən ziyalılarımızdandır. 1999-cu ildə Birləşmiş Krallığın Sanger elmi mərkəzində, 2000-2001-ci illərdə Yaponiyanın Heliks Tədqiqat İnstitutunda, 2001-2005-ci illərdə London Universitetinin Royal Hollovey kollecinin Kompüter Elmi departamentində,  2007-2010-cu illərdə Pakistanın COMSATS İnformasiya Texnologiyası İnstitutunda, 2015-2016-cı illərdə Səudiyyə Ərəbistanının Kral Abdulla adına Elm və Texnologiya Universitetində elmi fəaliyyəti buna bariz nümunədir. Onun gərgin əməyi və elmi axtarışları nəticəsində insan, heyvan və bitki genomlarında transkripsiyanın start saytlarının və tənzimləyici elementlərinin, ilkin mRNT-nin poliadenilləşmə saytlarının axtarışı üzrə yüksək dəqiqliyə malik bir sıra kompüter analizi vasitələri - PromH, PromHP, TSSP-TCM, və POLYAR proqramları, bitkilərin RNT polimeraza II promotorları üzrə PlantProm məlumat bazası yaradılmışdır.

Onun apardığı elmi tədqiqatların nəticələri “Nucleic Acids Research”, “Bioinformatics”, “Plant Molecular Biology”, “BMC Genomics” və “Applied and Computational Mathematics” kimi beynəxlaq elmi jurnallarda və həmçinin  “World Scientific” və “Springer Science+Business Media, Humana Press” kimi beynəlxalq nəşriyyatlarında çap olunmuşdur. O, 60-dan çox elmi məqalənin, eləcə də bioinformatika terminləri üzrə azərbaycan dilində ilk lüğətin müəllifidir. Onun rəhbərliyi ilə 3 fəlsəfə doktoru hazırlanmış və hazırda İlham müəllim 4 elmlər doktoru, 3 fəlsəfə doktorunun dissertasiya işinə elmi rəhbərlik edir.

İlham müəllimin elmi-pedoqoji sahədə səmərəli fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş və o, 2014-cü ildə “Bioinformatika” ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmiş, 2015-ci ildə isə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü, professor, b.ü.e.d. Novruz Quliyev, professor,  b.ü.e.d. Səftər Süleymanov, əməkdar elm xadimi, k.ü.e.d. Siracəddin Sərkərov və b. xatirələrini bölüşərək İlham müəllimi,  60 illik yubileyi münasibəti ilə təbrik edib, Azərbaycan elminə xidmət etmək yolunda yeni-yeni yaradıcılıq uğurları,  can sağlığı və ailə səadəti arzuladılar.

Akademik İradə Hüseynova AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun fəxri fərmanını alimə təqdim etdi.

Tədbirdə İlham Şahmuradovun həyat və elmi fəaliyyətini əks etdirən “Yol ayrıcı: Riyaziyyatdan Biologiyaya” adlı qısa metrajlı sənədli film nümayiş etdirildi.