sa sa 67
AMEA prezidenti koronavirusla bağlı profilaktik tədbirlər haqqında sərəncam imzalayıb Mart 13, 2020 | 10:28 / Mühüm hadisələr

Çin Xalq Respublikasında yaranmış və sürətlə dünyanın bir sıra ölkələrində yayılmaqda olan koronavirus pandemiyasının ehtimal olunan təhlükələrinin qarşısının alınması üçün Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları tərəfindən kompleks tədbirlər həyata keçirilməkdədir. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev bu istiqamətdə zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə “Koronavirusla bağlı AMEA-da profilaktik tədbirlər haqqında” Sərəncam imzalayıb. 

Sərəncama əsasən, AMEA-nın elmi müəssisə və təşkilatlarına ciddi zərurət olmadığı halda müxtəlif xarakterli kütləvi tədbirlərin keçirilməsinin, eləcə də işçilərin koronavirusun yayıldığı ölkələrə ezamiyyətlərinin məhdudlaşdırılması, AMEA-nın müvafiq inzibati binalarında müntəzəm olaraq sanitar-dezinfeksiya işlərinin həyata keçirilməsi, təqaüd yaşlı işçilərin işə davamiyyətində güzəştli şərtlərin tətbiq edilməsi tapşırılıb. Sənəddə, həmçinin qrip əlaməti müşahidə olunan işçilərin işə davamiyyətinin məhdudlaşdırılması və onların dərhal həkimə müraciət etmələri üçün maarifləndirici işlərin aparılması, əlavə güzəştli davamiyyət rejiminin tətbiqi, AMEA-nın müvafiq inzibati binalarının girişlərində qripə yoluxma hallarının müəyyənləşdirilməsinə imkan verən ilkin tibbi yoxlamaların tətbiq edilməsi məsələləri ilə bağlı müvafiq tapşırıqlar verilib.

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin müvafiq mütəxəssislər tərəfindən koronavirusdan qorunma üsulları ilə bağlı kütləvi informasiya vasitələrində çıxışların edilməsi, maarifləndirici materialların dərc etdirilməsi də Sərəncamda öz əksini tapıb.

Bununla yanaşı, sənəddə AMEA Rəyasət Heyətinin binasında tibb məntəqəsinin təşkil edilməsi tapşırılıb.

www.science.gov.az