sa sa 1662
9 May-Qələbə bayramı May 09, 2020 | 10:10 / Mühüm hadisələr

9 may 2020-ci il tarixi İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 75-ci ildönümüdür. O zaman SSRİ-nin tərkibində olan Azərbaycan SSR hərbi əməliyyat meydanına çevrilməsə də əvvəldən axıradək  müharibədə fəal iştirak edib. Azərbaycanın bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı müharibəyə cəlb olunub. İkinci Dünya müharibəsinin "Vətən müharibəsi" adlanan 1941-1945-ci illər dövründə Azərbaycan xalqı istər cəbhədə, istərsə də arxada misilsiz döyüş və əmək rəşadəti göstərib. Respublikada çox az müddət ərzində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılıb. Müharibə illərində azərbaycanlılardan ibarət 416-cı, 271-ci, 77-ci, və 223-cü Milli diviziyalar Qafqaz dağlarından Berlinədək şanlı bir döyüş yolu keçiblər. Müharibədə iştirak edən 650 min Azərbaycan vətəndaşının 420 mini geri qayıtmayıb. Göstərdikləri qəhrəmanlıqlara görə 43 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər isə "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və başqaları öz şücaətləri ilə xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. Böyük çətinliklərə baxmayaraq neftçilərimiz döyüşən ordunu yanacaqla təmin ediblər. Azərbaycan alimi Yusif Məmmədəliyevin başçılıq etdiyi alimlər qrupu yüksək oktanlı təyyarə benzininin alınması üsulunu kəşf edib. SSRİ-də istehsal olunan neftin 71,4%-ni Bakı nefti təşkil edirdi. Sovet ordusunun təyyarə və tankları demək olar ki, Bakı nefti ilə işləyirdi. Azərbaycanın digər sərvətləri də cəbhə üçün sərf olunurdu.

9 may 1945-ci ildə bəşəriyyət tarixində ən qanlı müharibəyə son qoyuldu. Faşizm üzərində qələbə Azərbaycanda hər il rəsmi dövlət bayramı kimi qeyd olunur.

İkinci Dünya müharibəsi veteranları daim Azərbaycan dövlətinin diqqət mərkəzindədir. İlham Əliyevin aprelin 24-də imzaladığı “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu veteranlara diqqət və qayğı siyasətinin Prezident İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirildiyini bir daha təsdiq edir.