sa sa 1859
MBBİ-də 28 May - Respublika Günü münasibətilə onlayn təbir keçirilib + Foto May 28, 2020 | 14:21 / Tədbirlər

28 may 2020-ci il tarixində AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitututunun əməkdaşlarının iştirakı ilə “28 May - Respublika Günü” nə həsr olunmuş tədbir keçirilib. Zoom platforması üzərindən keçirilən tədbiri AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova açıq elan edərək xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş bu əlamətdar gün münasibətilə hamını təbrik edib. Akademik qeyd edib ki, 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşub. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edilib. 1918-ci il mayın 28-də “İstiqlal bəyannaməsi”ndə Azərbaycanın müstəqil dövlət olduğu elan edilib. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman-şərqində yaranmış ilk xalq-demokratik respublikası idi. Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır. Lakin müstəqillik təsadüfən qazanılmır və ya onu hədiyyə etmirlər. Müstəqilliyə gedən yol böyük mübarizələrdən keçir. Onu qazanmaq və qoruyub saxlamaq qurban tələb edir. Əldə edilmiş bu azadlıq xalqımızın böyük mübarizəsinin, onun böyük oğlu Məhəmməd Əmin Rəsulzadə başda olmaqla görkəmli ziyalılarımızın təfəkkürünün bəhrəsi idi. Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Lakin Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür. Həmçinin dövlət başçımızın yürütdüyü düzgün siyasət, vaxtında verilən qərarlar lazımı və qabaqlayıcı tədbirlərin görülməsi bütövlükdə pandemiyanın təsirinin minimum səviyyəyə endirilməsinə yönəldilib.

Daha sonra İnstitutun elmi işlər üzrə direktor müavini, b.ü.f.d. Ələmdar Məmmədov, YAP AMEA ərazi təşkilatının sədri, İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri b.ü.f.d. Ulduzə Qurbanova, Təhsil şöbəsinin müdiri b.ü.f.d. Samirə Rüstəmova, İnstitutun ümumi işlər üzrə direktor müavini Natiq Allahverdiyev, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr Şöbəsinin baş mütəxəssisi Nigar Hacıyeva çıxış edərək Şərqdə ilk Demokratik Respublikanın yaranması tarixindən, bu günün Azərbaycan xalqının dövlətçilik ənənələrinin bərpasında, dirçəlməsində mühüm hadisə olduğundan bəhs ediblər.

Tədbirin sonunda Demokratik Respublikanın yaranması tarixini əks etdirən qısametrajlı film nümayiş etdirilib.