sa sa 2141
Akademik İradə Hüseynova “İnsan genetikası və genetik xəstəliklər: problemlər və inkişaf perspektivləri” mövzusunda onlayn konfransda çıxış edib İyn 01, 2020 | 10:32 / Konfranslar, iclaslar

AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) rəhbəri, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) direktoru, akademik İradə Hüseynova Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə keçirilən “İnsan genetikası və genetik xəstəliklər: problemlər və inkişaf perspektivləri” mövzusunda I beynəlxalq onlayn konfransın açılış mərasimində çıxış edib.

Akademik İ.Hüseynova bildirib ki, insan genomu, insan genetikası və müxtəlif patoloji proseslərin nəticəsində yaranan genetik xəstəliklər müasir dövrün aktual problemləri olaraq qalmaqdadır. Son əsrdə sürətlə yayılaraq böyük insan tələfatına səbəb olmuş İspan qripi, Sibir xorası, sarılıq, malyariyalar, taun, vəba, quş qripi (H1N1b) Ebola, HİV (QİÇS), MERS, SARS COV-1 yoluxucu mikrobial xəstəlikləri, o cümlədən COVID-19 tibb, səhiyyə və insan sağlamlığı sahəsində ciddi problemlərin olduğunu göstərib. Alim bu problemlərin öhdəsindən gəlmək üçün molekulyar biologiya və genetika elmlərinin üzərinə böyük vəzifələrin düşdüyünü qeyd edib.

“Bütün bunları nəzərə alaraq, biologiya və tibb elmləri sahəsində BTEB tərəfindən müəyyənləşdirilmiş və AMEA-nın Rəyasət Heyətinin təsdiq etdiyi əsas tədqiqat istiqamətləri sırasında genetik tədqiqatlar da mühüm yer tutur”, – deyə bildirən İ.Hüseynova MBBİ-də, Genetik Ehtiyatlar İnstitutunda və Fiziologiya İnstitutunda bu istiqamətlərdə aparılan elmi-tədqiqat işləri barədə məlumat verib.

O, əlavə edib ki, AMEA-da akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə postpandemiya dövrü üçün hazırlanmış elmi fəaliyyət proqramında koronaviruslar və  digər yoluxdurucular, eləcə də Azərbaycan populyasiyası və insan sağlamlığı ilə bağlı, o cümlədən genetik tədqiqatların aparılması əksini tapıb.

Azərbaycanın tibbi-genetika elminin nailiyyətlərinin təbliği baxımından konfransın aktual olduğunu vurğulayan akademik İ.Hüseynova tədbirin işinə uğurlar arzulayıb.

www.science.gov.az