sa sa 1721
Milli qurtuluşdan böyük gələcəyə İyn 16, 2020 | 10:29 / Nəşrlər

Müstəqillik illərində Azərbaycan Respublikası Böyük Qayıdışdan - Milli Qurtuluşa - Müasir İnkişafa və Böyük Gələcəyə doğru məsuliyyətli və şərəfli yol keçmişdir. Bu, çoxəsrlik milli dövlətçilik tariximizin Heydər Əliyev - İlham Əliyev epoxasının keçdiyi böyük yolun tarixi mərhələləridir. Böyük Qayıdışdan - Müasir İnkişafa qədərki çətin və şərəfli yol Milli Qurtuluşun köklərini, gedişatını və üfüqlərini bütün reallıqları ilə əks etdirir. Görkəmli dövlət xadimi Heydər Əliyev Milli Qurtuluşun banisi, yeni tarixi epoxanın lideri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə ölkəmizin yüksək Müasir İnkişafının qüdrətli yaradıcısı və Böyük Gələcəyin uzaqgörən sükançısıdır.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkəmizin və xalqımızın tarixində, taleyində böyük yer tutmuş görkəmli dövlət xadimidir. Ulu Öndərin Azərbaycan Sovet Respublikasına uğurla rəhbərlik etməklə Siyasi Büronun üzvü səviyyəsinə qədər hakimiyyət pillələrini böyük bacarıqla qalxması, dünya miqyaslı bir dövlət xadimi kimi qəbul olunması mühüm tarixi hadisə olmaqla bərabər, həm də hər bir azərbaycanlı üçün misilsiz milli iftixar hissi doğuran faktdır.

Xalqımız üçün çox məsuliyyətli və əhəmiyyətli dövr olan dövlət müstəqilliyinin yenidən bərpa edilməsi ərəfəsində Heydər Əliyevin Azərbaycana qayıdışı mühüm tarixi hadisədir. Bu, görkəmli dövlət xadimi Heydər Əliyevin Kreml tilsimini sındıra bilməsi, SSRİ dövlətinin siyasi təqib və təzyiqlərini yıxmağı bacarması və yenidən vətənə qayıdışı demək idi. XX əsrin doxsanıncı illərinin başlanğıc dövrünün mürəkkəb ictimai-siyasi şəraitində Azərbaycana qayıdış müstəqilliyin yenidən qazanılması, qorunub saxlanılması və inkişaf etdirilməsi üçün xüsusi əhəmiyyətə malik hadisə idi. Bu, həm də böyük siyasətə qayıdış idi. Buna görə də Milli Qurtuluş Böyük Qayıdışdan başlanır.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Sovetlər İttifaqında və beynəlxalq aləmdə görkəmli dövlət xadimi kimi qəbul olunmuşdur. Ulu Öndər Sovetlər İttifaqı kimi superdövləti təmsil edən əsas siyasi fiqurlardan biri sayılmışdır. Siyasi Büro üzvləri arasında Heydər Əliyev yüksək dövlətçilik istedadı, uzaqgörənliyi, praqmatik baxışları, xüsusi intellektual səviyyəsi ilə səciyyələnmişdir.

Dünyanın tanınmış dövlət xadimləri Heydər Əliyev fenomeninin miqyasını və əhəmiyyətini yüksək qiymətləndirmişlər. Amerika Prezidenti Corc Buş: "Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehəm”.

Rusiya Prezidenti Vladimir Putin görkəmli dövlət xadimi Heydər Əliyevin özünün böyük siyasətdə və dövlətçilikdə ən böyük müəllimi olduğunu etiraf etmişdir.

ABŞ Prezidenti Bill Klinton: "Heydər Əliyev təkcə Azərbaycanı, Amerikanı yox, bütün dünyanı idarə etməyi bacaran bir siyasi xadimdir”.

Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəl: "Heydər Əliyev təkcə Azərbaycan deyil, bütün türk dünyasının yetişdirmiş olduğu ən məşhur dövlət xadimlərindən biridir”.

Gürcüstan Respublikasının Prezidenti Eduard Şevardnadze: "Qafqazın azadlığı və müstəqilliyi işində Heydər Əliyevin nə qədər böyük rol oynadığını xalq hələ sonra biləcəkdir”.

Görkəmli dövlət xadimi üçün zəruri olan bu xüsusiyyətləri Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi və SSRİ-nin rəhbərliyində təmsil olunduğu otuz beş ildən çox bir dövrdə apardığı çoxcəhətli mübarizə, tarixin çətin sınaqları qarşısında göstərdiyi böyük qətiyyət və bacarıq, əldə etdiyi tarixi nailiyyətlər hesabına qazanmışdır. Dünya şöhrətli böyük dövlət xadimi Heydər Əliyev Azərbaycan Respublikasını sovet dövründə geridə qalmış bir ölkədən ən inkişaf etmiş respublika səviyyəsinə yüksəltmişdir. Məhz Ulu Öndər Heydər Əliyevin düşünülmüş addımları sayəsində Azərbaycan keçmiş SSRİ-də on beş müttəfiq respublika içərisində aşağıdan ikinci yerdən ən yuxarıdan ikinci-üçüncü yerlərə qaldırılmışdır.

Heydər Əliyev sovet hakimiyyəti illərində Azərbaycanda milli-mənəvi dəyərləri hərtərəfli şəkildə inkişaf etdirmiş, adət-ənənələri dirçəltmiş, azərbaycançılığın möhkəm təməllərini yaratmışdır. Sovet hakimiyyəti dövründə Heydər Əliyevin apardığı məqsədyönlü və düşünülmüş millilik və vətənpərvərlik siyasətinə görə ölkəmiz müstəqillik qazandıqdan sonra digər dövlət müstəqilliyi əldə etmiş postsovet ölkələri ilə müqayisədə bir neçə addım irəlidə olmuşdur. Yeni istiqlaliyyət qazanmış respublikalarda müstəqilliyin başlanğıc illərində milli ideologiya baxımından yaşanmış prosesləri Azərbaycan sovet hakimiyyəti illərində Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi mərhələdə keçib yaşamışdır.

SSRİ dövlətinin yuxarı dairələrində Siyasi Büro üzvlərinin, o cümlədən də Sovet İttifaqının rəhbəri Mixail Qorbaçovun Heydər Əliyevə qısqanc münasibət bəsləməyinin əsas səbəblərindən biri müqayisədə Heydər Əliyev fenomeninin daha ucada dayanması idi. Bütün bunlara görə Heydər Əliyevin qazandığı dünya şöhrəti Azərbaycan xalqının milli iftixar mənbəyinə çevrilmişdir. Xalq şairi Cabir Novruzun aşağıdakı misraları Heydər Əliyevə ümumxalq inamı və məhəbbətinin poetik ifadəsidir:

Bu milləti onun qədər,Ərzdə tanıdan olmayıb.Məmləkətdə onun qədərQurub-yaradan olmayıb.

Görkəmli dövlət xadimi Heydər Əliyev özünün ölkə daxilindəki və beynəlxalq aləmdəki nüfuzuna görə SSRİ adlanan böyük derjava miqyasından yüksəkdə dururdu.

Heydər Əliyevin həyatı və fəaliyyətinin 3 əsas mərhələsini qeyd etmək zəruridir:

1. Azərbaycana siyasi rəhbərlik dövrləri (1969-1982 və 1993-2003-cü illər).

2. Moskva-Kreml mərhələsi (1983-1987-ci illər).

3. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında fərdi təqaüdçü və Naxçıvan MR Ali Məclisinə rəhbərlik etdiyi dövrlər (1990-1993).

Bütün gərgin anları, inkişaf ritmləri ilə bir yerdə Azərbaycana siyasi rəhbərlik və Kreml mərhələləri Heydər Əliyevin siyasi olimpin ən uca zirvələrinə doğru yüksəliş dövrləridir. Bu mərhələlərdə Heydər Əliyevin simasında böyük uzaqgörənlik, yorulmaz fəaliyyət, dərin məsuliyyət və gerçək şöhrət bir-birini tamamlamışdır.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan mərhələsi isə taleyin sınaq dövrü olmaqla bərabər, ümumxalq qazanılması məhəbbəti və yenidən Qayıdışın bünövrəsi idi. Mənalı və keşməkeşli həyatının Naxçıvan dövrü ölkəmizdə dövlət müstəqilliyinin böyük məşqləri mərhələsi kimi tarixə düşmüşdür. Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasında həyata keçirdiyi tarixi tədbirlər: Azərbaycanın üçrəngli bayrağının dövlət rəmzi kimi qəbul edilməsi, Muxtar Respublikanın adından "Sovet Sosialist” sözlərinin çıxarılması, Ali Sovetin Ali Məclis adlandırılması, Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi, dövlət çevrilişi cəhdlərinin qarşısını alınması, kolxoz və sovxozların ləğv edilməsi, torpaq islahatlarının həyata keçirilməsi dövlət müstəqilliyinin mühüm dərsləri, Böyük Qayıdışın uğurlu nəticələri idi. Bunlar eyni zamanda Milli Qurtuluşun böyük təməlləri kimi də mühüm əhəmiyyət kəsb edir.

Görkəmli dövlət xadimi Heydər Əliyevin xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya - Müstəqil Azərbaycan Respublikasının rəhbərliyinə dəvət olunması və əvvəlcə Milli Məclisin Sədri, sonra isə ölkə Prezidenti vəzifəsinə seçilməsi xalqımızın və gənc müstəqil dövlətimizin Milli Qurtuluşunun əsasını təşkil edir. Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş müstəqil dövlətin taleyini həll edən böyük tarixi hadisədir.

XX əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycanda vətəndaş müharibəsinin qarşısının alınması və ölkənin parçalanmaqdan xilas edilməsi Heydər Əliyevin adı ilə bağlı olan böyük Milli Qurtuluş hadisəsidir.

Ölkəmizin əsas sərvəti olan neftin xalqın milli istiqlalına və müstəqil dövlətin inkişafına xidmət etdirilməsi üçün Heydər Əliyev dühasının və iradəsinin nəticəsi kimi meydana çıxmış "Əsrin müqaviləsi” Milli Qurtuluşun böyük təməlidir.

Heydər Əliyev Azərbaycan xalqının böyük xilaskarı, müstəqil Azərbaycan dövlətinin banisi, qurucusu və yaradıcısıdır.

Heydər Əliyev dövlət müstəqilliyinin, ölkəmizin böyük gələcəyinin möhkəm təməllərini yaratmış, azərbaycançılıq təlimini dövlət ideologiyası səviyyəsinə qaldırmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizi və xalqımızı Milli Qurtuluşdan Böyük İntibaha çatdırmış görkəmli dövlət xadimidir. Prezident İlham Əliyev müstəqil Azərbaycan dövlətini təkcə regionun deyil, dünyanın lider dövlətlərindən biri səviyyəsinə qaldırmağın mümkünlüyünü isbat etmişdir.

Bu gün müasir dünya İlham Əliyevi müasir Azərbaycanın yeni tarixi epoxasının qüdrətli rəhbəri olmaqla bərabər, həm də beynəlxalq münasibətlərdə söz sahibi olan lider kimi qəbul edir.

Prezident İlham Əliyevin siyasi hakimiyyətə gəlməsi ilə və məqsədyönlü fəaliyyəti sayəsində Ukraynada, Gürcüstanda, Moldovada, Qırğızıstanda və başqa respublikalarda baş vermiş yalançı demokratiya oyunları Azərbaycandan yan keçməli olmuşdur. Azərbaycan postsovet məkanında müstəqil dövlətçiliyin inkişaf etdirilməsinin ən mükəmməl modelinə çevrilmişdir.

Ulu Öndərin başladığı bütün böyük islahatlar, irimiqyaslı transmilli layihələr Prezident İlham Əliyev tərəfindən uğurla başa çatdırılmışdır. Ölkəmizdə yeni və möhtəşəm layihələrə start verilmişdir. Azərbaycan Respublikasının bütün sahələr üzrə hərtərəfli inkişafı təmin edilmişdir. Beləliklə, Azərbaycanda yeni tarixi epoxa başlanmışdır. Bu, müstəqil Azərbaycan dövlətinin İlham Əliyev erasıdır.

Prezident İlham Əliyev yeni epoxanın dünyada qəbul edilmiş görkəmli dövlət xadimi, böyük siyasi lideridir. Yeni tarixi dövr Azərbaycanda müstəqil dövlətçiliyin daha da möhkəmləndirilməsi ilə yanaşı, həm də Azərbaycan cəmiyyətinin hərtərəfli böyük inkişafının təmin edilməsi, ölkə həyatının müasirləşdirilməsi və modernləşdirilməsi deməkdir. Bunlar Milli Qurtuluşdan ümummilli intibaha doğru uğurla keçirilmiş yolların möhtəşəm hadisələridir.

İctimai-siyasi, iqtisadi-mədəni və elmi-texniki istiqamətlərlə yanaşı, Prezident İlham Əliyev Ali Baş Komandan kimi hərbi sahədə də böyük tarixi uğurlara imza atmışdır. Aprel döyüşlərindəki qələbə, Lələtəpə yüksəkliyinin alınması, Cocuq Mərcanlı kəndinə qayıdış Azərbaycanın hərb tarixinə Prezident İlham Əliyevin yazdığı parlaq səhifələrdir. Naxçıvan Muxtar Respublikasının ərazisində düşməndən azad edilmiş 11 min kilometrlik torpaqlarımız yeni tarixi epoxanın - İlham Əliyev erasının Qurtuluş hadisəsidir.

"Şahdəniz” müqaviləsi əsrin yeni enerji layihəsidir. "Şahdəniz” müqaviləsi Azərbaycanın İlham Əliyev kontraktıdır.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına, Avropa Şurasının Nazirlər Sovetinə, Qoşulmama Hərəkatına sədrlik etməyə nail olmaq səlahiyyəti əldə etmək Prezident İlham Əliyevin ölkəmizə qazandırdığı tarixi missiyalardır.

"Bakı-Tbilisi-Qars” İlham Əliyev epoxasının Dəmir İpək yoludur.

"Şimal-Cənub”, "Şərq-Qərb” magistral nəqliyyat dəhlizləri Azərbaycanın dünyaya açılan yeni qapılarıdır. İndi Şərqdən-Qərbə və Şimaldan-Cənuba bütün yollar Azərbaycandan keçir.

Prezident İlham Əliyevin Azərbaycanda yaratdığı ümummilli yüksəliş və dirçəliş ölkəmizin böyük inkişaf hərəkatının tarixi nailiyyətləridir.

Dünyanın yaşamalı olduğu koronavirusla mübarizə dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirməkdə davam etdirdiyi kompleks tədbirlər dövlət siyasətində İlham Əliyev erasının xilaskarlıq missiyasının konkret əməli ifadəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev pandemiyadan xilas olmaq uğrunda gedən ümumdünya hərəkatının əsas liderlərindən biridir. Dünya üzrə koronavirusla mübarizə hərəkatının baş qərargahı olan Ümumdünya Səhiyyə Təşkilatı Prezident İlham Əliyevin ölkəsinin və bəşəriyyətin pandemiyadan xilas olunması yolunda apardığı məqsədyönlü siyasəti və atdığı düşünülmüş addımlarını pandemiya dövrünün həlledici hadisələri səviyyəsində qiymətləndirməkdədir. Bu addımlar Prezident İlham Əliyevin Azərbaycan Respublikasının və xalqımızın taleyindəki əvəzsiz rolunun əməli ifadəsi olmaqla bərabər, beynəlxalq birliyə də Azərbaycanın layiqli töhfələridir.

Hazırda Prezident İlham Əliyevin simasında Azərbaycan Respublikası özünün ümummilli inkişaf və böyük intibah dövrünü yaşayır. Bu, Azərbaycanda yeni tarixi mərhələ olan Böyük Gələcək epoxasının reallıqları və addımlarıdır.

Böyük Gələcək inkişaf etmiş Azərbaycan Respublikasının işıqlı bu günü və günəşli sabahı deməkdir. Müasir dövrün əsas dünya liderlərindən biri olan Prezident İlham Əliyev Azərbaycan Respublikasının Müasir İnkişaf mərhələsinin Böyük Gələcək erasının qurucusu və yaradıcısıdır. Müstəqil Azərbaycan dövləti və xalqımız hər gün dövlətimizin lideri İlham Əliyevin rəhbərliyi ilə Böyük Gələcək epoxasının salnaməsinə yeni və parlaq səhifələr əlavə etməkdə davam edir. Milli Qurtuluş Böyük Qayıdışın nəticəsi, Müasir İnkişafın möhkəm təməlləri və daha Böyük Gələcəyin hərəkətverici qüvvəsidir. Azərbaycan Respublikası Böyük Qayıdışdan - Milli Qurtuluşa qədərki çətin və şərəfli yolların möhtəşəm nəticəsi, işıqlı sabahların bələdçisidir.

İsa HƏBİBBƏYLİAMEA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı, akademik

"Azərbaycan" qəzeti, 14 iyun 2020-ci il

science.gov.az