sa sa 1778
AMEA-nın akademik-katibi Kanadada keçirilən beynəlxalq onlayn konfransda məruzə edib + Foto İyn 19, 2020 | 12:10 / Konfranslar, iclaslar

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, İdarəetmə Sistemləri İnstitutunun Fövqəladə hallarda idarəetmə laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov iyunun 18-də Kanadanın Monreal şəhərində keçirilən “Kompüter elmlərində mürəkkəb sistemlər” adlı beynəlxalq onlayn konfransda iştirak edib.

Professor Ə.Sadıqov beynəlxalq tədbirdə “Mürəkkəb sistemlərin qeyri-sabitlik təzahürlərinin riyazi modelləşdirilməsi” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində standart modelləşdirmə metodlarının adekvat olmadığı mürəkkəb sistemlərin təhlükəsizliyinə qeyri-müəyyənliyin təsirinin öyrənilməsi, iqtisadiyyatdan ekologiyaya, sosiologiyadan insan sağlamlığına qədər geniş spektrdə, o cümlədən pandemiya şəraitində müxtəlif mürəkkəb sistemlər üçün qeyri-sabitliyə səbəb olan qəfil və dəyişən rejimlərin riyazi modelləşdirilməsindən bəhs edib.

AMEA-nın akademik-katibi apardığı tədqiqatların nəticələri kimi ilkin şərtlərdən kəskin asılılığı və güclü informasiya yüklənməsi ilə xarakterizə edilən, qeyri-sabit və tarazlıqda olmayan mühitdə sistemlərin davranışlarının adaptiv idarəedilməsinin mürəkkəb problemlərini həll etmək üçün yeni modelləşdirmə metodunu təqdim edib.

Bildirib ki, təklif olunan metod müasir idarəetmə sistemlərinin böhranı ilə bağlı bir sıra fundamental məsələlərin həllinə təhlükəli dəyişikliklərin başlaması ilə onların aşkarlanma anı arasındakı gecikməni minimuma endirmək, hadisələrin riskini idarə etmək üçün prioritetləri müəyyənləşdirmək, təbii, texnogen və sosial fəlakətlərin, o cümlədən epidemiyaların vurduğu zərərləri minimuma endirmək üçün resursların optimal bölüşdürülməsini və effektiv hərəkətləri müəyyən etmək kimi yeni yanaşmaları nəzərdə tutur. Bununla yanaşı, müxtəlif növ təhdidləri sıralamaq, mürəkkəb sistemdəki zəif əlaqələri müəyyənləşdirmək, onun sürətlə dəyişən dünyaya uyğunlaşmasını qiymətləndirmək də yeni yanaşmalar sırasındadır.

Qeyd edək ki, “Kompüter elmlərində mürəkkəb sistemlər” adlı beynəlxalq konfransın məqsədi mürəkkəb sistemlərin bütün aspektləri ilə bağlı təcrübə və tədqiqat nəticələrinin mübadiləsi üçün dünyanın aparıcı akademik qurumlarının alim və mütəxəssislərini bir araya gətirmək, tədqiqatçılara son innovasiyaları, o cümlədən qarşılaşdıqları praktiki problemləri və mürəkkəb sistemlər sahəsində qəbul edilən həlləri müzakirə etmək üçün fənlərarası platforma təqdim etməkdir.

science.gov.az